“Qətər Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib” - Nazir
Çıxış edən Qətərin Bakıdakı səfiri Feysal bin Abdullah əl-Hinzab ölkəsinin müstəqillik illərində keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan danışıb. Diplomat bildirib ki, Qətər qısa müddət ərzində regionda özünə layiqli yer tutub.
Səfir deyib ki, builki tədbir Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. O, iki ölkə arasında münasibətlərin səmimi dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.
Daha sonra tədbirdə iştirak edən Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər xalqını və dövlətini Azərbaycan Prezidenti adından təbrik edib. Nazir deyib ki, Azərbaycanla Qətər arasında bütün sahələrdə yaxşı əlaqələr var.
"Qətər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib və buna görə dərin təşəkkürümüzü bildiririk", - deyən nazirin sözlərinə görə, hökumətlər arasında komissiyanın fəaliyyət göstərməsi iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına xidmət edir.
Nazir, həmçinin gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qətər Milli-Gün Səfir Diplomat