Xanumyandan vandallıq etirafı: "Kabelləri, transformatoru, qüllələri talan etdilər"

    Xanumyandan vandallıq etirafı:    "Kabelləri, transformatoru, qüllələri talan etdilər"
  23 Avqust 2022    Oxunub:1183
Son günlər Laçın və Zabux kəndində qanunsuz məskunlaşdırılmış ermənilərin vandalığına dair yeni görüntülər yayıldı. Maraqlıdır ki, bu vandalların ekoloji terroru, mədəni abidələrə və yaşayış massivinə vurduqları zərərlərlə bağlı artıq Qarabağ erməniləri də açıq etirafları dilə gətirməyə başlayıblar.
Məsələn, özünü sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndinin "inzibati və infrastruktur naziri" kimi təqdim edən Ayk Xanumyan Laçın və Zabuxdakı erməni vəhşiliyinə dair yeni faktları açıqlayıb. O, sosial şəbəkələrdə barəsində yayılan dezinformasiyalardan da hiddətləndiyini gizlətməyib.

Ermənilər Laçın-Zabux yolundakı meşəyə də od vurdular - VİDEO
“Dezinformasiya hücumları həddi aşdığı üçün bəzi faktları təqdim edəcəyəm. Avqustun ortalarında Zabuxun elektrik enerjisi Laçın yarımstansiyasından kəsildi. Zabux və Laçın Xankəndidən gələn xətdən elektrik enerjisi almağa başladı. Bir neçə gün sonra yanğın elektrik dirəklərinə keçdi və yeni çəkilmiş xətti sıradan çıxardı.

Laçında transformatorun yağı talan edilib. Bu rayonda baş verən yanğın Ermənistandan Qarabağa gedən yüksək gərginlikli elektrik xətti üçün ciddi təhlükələr yaratdı. Zabuxda fiber-optik kabel qarət olundu, ona görə bir müddət Qarabağda da internet yox idi.

Bundan başqa, rabitə qüllələri metal oğruları tərəfindən talan edilərək dağıdılıb.

Biz və "qurumlar" evləri yandırmamağa, sökməməyə, infrastrukturu talamamağa çağırdıq. "Qurumlarımız" daha çox məlumata malikdirlər və qərar qəbul edərkən Facebook fəallarından daha çox şəraiti nəzərə alırlar. Qərarlar bu cür qəbul edilibsə, o zaman icra olunmalıdır. Təəssüf ki, informasiya terroru "dövlət qurumları"nın çağırışlara cavab vermək qabiliyyətini xeyli zəiflətdi. Bu, bizim idarəetmə sistemimizin çatışmazlıqlarından biridir", - Xanumyan öz millətini baş verən hadisələrdə günahkar bilərək yazıb.

O həmçinin qeyd edib ki, hansısa “fəal” taksiyə minib Zabuxa və ya Laçına gəlib, evini, torpağı yandırdıqdan sonra onları atıb gedib və onun düşünərək addım atan "dövlət qurumları"nın işçilərindən daha vətənpərvər sayılması anormallıqdır. Hansılar ki, həmin şəxslər fasiləsiz işləyirlər, ailələri ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsində qalıb yaşayırlar.

- Fakt və şəraiti təhlil edə bilməmək sosial media istifadəçilərimizi Qarabağın "qurumlarına" qarşı aparılan informasiya müharibəsində döyüşçülərə çevirib, - Xanumyan gileylənib.

Qeyd edək ki, Azərbaycan İrəvana Laçın, Zabux və Susun boşaldılması üçün avqustun sonuna kimi vaxt verib. Bəzi ermənilər evlərinə toxunmasalar da Laçında, Zabuxda meşə və otlaqları yandıran vandallar da oldu. Bundan başqa, Ermənistandan gələn partiya sədrlərindən biri Zabuxda qalıb silahlı müqavimət təşkil edəcəyini bəyan etmişdi. Sonda onun da artıq qorxaraq İrəvana qaçdığı məlum olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Laçın   Zabux   Vandal  



Xəbər lenti