İstər ailənin, istərsə də dövlətin idarə olunmasında kənar təsirlər heç vaxt müsbət rol oynaya bilməz və istənilən halda müdaxiləyə yol vermək fəlakətə sürükləyir. 20- ci əsrin sonlarına doğru uzaq şərqin zəngin və mürəkkəb təbiətli Komboca ölkəsində də vəziyyət get-gedə faciəvi hal alırdı. Ölkədə öncə vətəndaş müharibəsi baş verir, sonra yaxın və qonşu ölkələrdəki qanlı diktaturadan daha betər bir rejim yaradılır. Təxminən 4 ilə yaxın (3 il 8 ay ) davam edən bu qanlı diktatura dönəmində üç milyondan artıq kambocalı insan ağlına sığmayan dəhşətli işgəncələrlə həyatını itirdi.
Pol Pot (Fransızca politique potentielle –“mümkünlərin siyasəti”) ləqəbli diktator Salot Sarın əli təkcə yerli xalqın deyil, iddialara görə iri dövlətlərin dəstəyi ilə qonşu Vyetnam xalqının da qanına batmışdı. Vyetnamın statistik açıqlamasına görə, Kamboca ilə sərhəddə yaşayan təxminən bir milyon vyetnamlı bu diktatorun hakimiyyəti dönəmində qanına qəltan edilmişdi...
Soyqırımdan öncə məktəb kimi istifadə edilən, diktatura dönəmində isə S-21 adını alaraq həbsxanaya çevrilən binaya 12 min “məhkum” yerləşdirilir və dayanmadan onlara şiddətli işgəncələr verilir. Rəssam Bou Meng də həyat yoldaşı ilə birgə həbs edilib bu binaya gətirilir. Mengin işgəncədən divarların, daşların lərzəyə gəldiyi bu binaya daxil olarkən eşitdiyi ilk səs həyat yoldaşının çığırıq səsləri olur. Həbsxanada olan 12 min insanın hamsı ya tək-tək, ya da dəstə-dəstə ağır işgəncələrlə qətlə yetirilirdi. Böyük işgəncə maşınından cəmi iki nəfər həyatda qalır. Rəssamlıq qabiliyyəti kəşf olunan Bou Meng və təmir işlərində olduqca məharətli olan Chum Mey.
Hər iki məhkum “tok”a verilmək də daxil olmaqla çox çeşidli işgəncələrə tab gətirə bilməyərək, xarici ölkələrin agenti olduqlarını “etiraf etmişdilər”. Rəssamın Marksın, Leninin və Pol Potın sevimli Stalininin portretlərini çəkməsi onu həyatda saxlamışdı.
Amma onun bu divarlar arasında çəkdiyi ilk rəsm gözlərinin önündə həyat yoldaşının həyatdan qoparılma anları idi...
Chum Mey isə həbsxanada olan tikiş maşınlarını təmir edərək ölümdən qurtulmuşdu. Onun həyat yoldaşı və 3 övladı da bu soyqırımın günahsız qurbanlarından idi...
S-21 həbsxanası günümüzdə muzeyə çevrilib. Hər gün orta hesabla 500 turist və yerli sakin bu muzeyi ziyarət edir. Rəssam Bou Meng muzeyin həyətində əyləşir, gördüyü dəhşətli mənzərələri kağızlara köçürərək onları cuzi məbləğə satır, həm də bacardığı qədər bu qırğın barədə gələn turistlərə məlumat verir. O, rəssamlıq qabiliyyəti sayəsində həyatda qaldığına və həyat yoldaşının əziz xatirəsinə görə özünü daim rəsm çəkməyə borclu hesab edir.
Chum Meyi də müzeydə ziyarətçilərə öz ağrılı xatirələrini danışır. Bəzən gələnləri öz həyat yoldaşına və övladlarına bənzədərək, acı-acı göz yaşları tökür...
Bu iki şəxs Kambocada baş verən qətliamın yeganə sağ simvollarıdır. Onlar olmasaydı, nə muzey, nə də soyqırım edilən milyonların naləsindən xəbər tutan olacaqdı.
Ləman Bağdad
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


