Rusiya vətəndaşlığı olan şəxslər Qarabağı tərk edir
Sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar.
Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər.
Bu gün Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Baş verənlər onu göstərir ki, Dnestryanı, Donbas kimi ssenariləri Azərbaycanda keçmədi, "Russkiy mir" iddiası burada baş tutmadı.
Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər. Bunu qəbul etməyənlər üçün isə sərhəd açıqdır, istədikləri yerə çıxıb gedə bilərlər.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


