Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Rumıniya ilə əməkdaşlığı genişləndirməyə davam edir
Festivalda Azərbaycanı, Türkiyəni, eləcə də Rumıniya, Makedoniya, Gürcüstan, Slovakiya, Bolqarıstan və digər Avropa ölkələrində yaşayan Türk xalqlarını təmsil edən rəqs və mahnı qrupları iştirak ediblər. Tədbirin rəsmi açılışı milli geyimlərin paradı ilə baş tutub. Nümayəndə heyətləri rəngarəng milli kostyumlarda təmsil etdikləri ölkələrin bayraqlarını daşıyaraq, Konstanta şəhərinin mərkəzi küçələrində yürüşə çıxıblar.
Azərbaycanı festivalda Səxavət Məmmədov (tar), Elvin Novruzov (kamança) və 2018 Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayevadan ibarət muğam triosu uğurla təmsil edib. Musiqiçilərin ifası qonaqlara unudulmaz anlar yaşadıb.
Türkiyəni təmsil edən “Bursa Vətən Xalq Oyunları Gənclik və İdman Klubu Dərnəyi”nin nümayəndələrinin zeybək rəqsi böyük maraqla qarşılanıb. İki gün ərzində musiqi kollektivləri regionun müxtəlif bölgələrində konsert proqramları ilə çıxış ediblər.
Tədbirin sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk-Tatar xalq rəqsləri, mahnıları və milli geyimləri Beynəlxalq Festivalının işində fəal iştirak etdiyi üçün diplom ilə təltif olunub.
Qeyd edilməlidir ki, son illər ərzində Rumıniyanın rəsmiləri və tatar icmasının nümayəndələri ilə keçirilən görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Rumıniya arasında əlaqələrin gücləndirilməsi, eləcə də birgə gələcək fəaliyyətin istiqamətləri ətrafında müzakirələr aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


