Nazir ciddi tapşırıqlar verdi
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də ədliyyə naziri Fikrət Məmmədov Siyəzən şəhərində Şabran, Xızı, Abşeron, Siyəzən və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirib.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanmış, vətəndaş-məmur münasibətlərinin Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət edilməsi, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.







Vaxtında, Aydın, Lazımlı!


