Əhaliyə yanğın xəbərdarlığı

Əhaliyə yanğın xəbərdarlığı
  11 Avqust 2014    Oxunub:2439
Bir neçə gün əvvəl Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında yüksək dağlıq ərazidə baş vermiş yanğın avqustun 10-da Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

Nazirliyin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilib.

Bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla ümumilikdə 20 hektara yaxın ərazini əhatə edib və nəticədə 8 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğın təhlükəsinin ciddiliyi ilə əlaqədar ETSN-in müvafiq qurumları fövqəladə iş rejiminə keçib və nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi artıq bir neçə gündür ki əraziyə cəlb olunub.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.


Teqlər:



Xəbər lenti