59 yaşında kombayn sürən azərbaycanlı qadın - VİDEO+FOTOLAR

  12 İyun 2018    Oxunub : 13574
59 yaşında kombayn sürən azərbaycanlı qadın - VİDEO+FOTOLAR
Radə Məmmədova 1959-cu ildə Bərdə rayonunun Əhmədli kəndində sürücü-mexanik ailəsində dünyaya gəlib. Hazırda sürücü-mexanizator kimi çalışan 59 yaşlı Radə xanım həyatının ən gözəl illərini bu sahəyə həsr edib. Dediyinə görə, işə ailəsinə kömək məqsədi ilə başlasa da, sonradan peşəsi onun həyat tərzinə çevrilib.
Radə xanım ondan müsahibə almaq üçün Bərdəyə ezam olunan əməkdaşlarımızı səmimiyyətlə qarşılayaraq, keçdiyi həyat yolundan söz açıb. Əvvəllər traktor, sonra isə kombayn sürən müsahibimiz fəaliyyətinə 1979-cu ildən başlayıb.



Radə Məmmədova: “Peşə məktəbini bitirəndən sonra "T- 28" traktoru sürürdüm. 1989-cu ilə qədər sürücü-mexanik işləmişəm. Əvvəllər bu sənətə marağım olmayıb. Sadəcə olaraq evin böyük övladı idim və atam tək olduğundan ona kömək edirdim. İşləyəndən sonra ayrılmaq fikrim olmadı. Bu sənətə tam bağlandım. Peşəm elə bir mükafatdır ki, onu əldən buraxa bilmərəm.

İşlədiyim dövrdə nailiyyətlərim çox olub. Əməyimə böyük qiymət verilib. Çalışdığım birinci ildə 157 ton pambıq yığaraq müsabiqədə birinci yeri tutmuşdum. Dəfələrlə Sevil Qazıyeva adına mükafatın qalibi olmuşam. Mənə Özbəkistandan da mükafatlar veriblər. Moskvada isə Paşa Angelina adına mükafatla təltif edilmişəm. Həyətimizdə olan QAZ "24 -10" markalı "Volqa" maşın mənə mükafat verilib”.



Həmsöhbətimiz təhsilini Kənd Təsərrüfatı Texnikomunun Aqronomluq şöbəsində davam etdirmək istəsə də, sonradan fikrini dəyişib.

Heydər Əliyevin rayonda qız sürücü - mexaniklərlə görüşündə mənim çıxışım oldu. Çıxışdan sonra Heydər Əliyev mənim təhsilimlə maraqlandı. Sənədlərimi o zaman Bərdə rayonunda olan Kənd Təsərrüfatı Texnikomunun Aqronomluq şöbəsinə hazırlamışdım. Buna narazılığını bildirdi. Dedi, "sən mexaniksən, niyə texnikoma verirsən?" Əllərimə işarə edərək bildirdi ki, kişilərin əli mənim əlim qədər bərk deyil. Buna görə də mən sənədlərimi instituta verməli oldum. Heydər Əliyevin məsləhəti ilə Gəncə Kənd Təsərrüfatı İnstitutunun Mexanikiləşmə fakültəsinə daxil oldum”.



Radə xanımın həyat yoldaşı Kərim Məmmədov onunla bir yerdə təhsil alıb. Onlar birlikdə sürücü- mexanik işləyiblər: "Yoldaşım çox güclü mexanikdir. Onun qardaşları və atası da sürücü-mexanik olublar. Traktorum xarab olanda yoldaşım özü təmir edirdi”.

Kərim Məmmədov : “Çöl işini də, evin işini də birgə görürdük, işin bizə çətinliyi yox idi. Qadınla kişi eyni hüquqludur. İndi texnika müasirləşib, idarə olunma çox asandır. Bu işdə elə bir çətinlik yoxdur, qadın da, kişi də işləyə bilər. Hazırda mən pambıqçılıq şirkətində təhlükəsizlik mühəndisi işləyirəm. Respublikanın elə bir kəndi, rayonu yoxdur ki, mənim orada tanışım olmasın. Sənətimlə bağlı ayağımın dəymədiyi rayon qalmayıb”.



Tarlada kişi kimi kombayn, traktor sürən Radə xanım evdə məişət işlərindən də yorulmadığını söyləyib: “Kənddə xanımlıq yoxdur, istər-istəməz qolunu çirmələyib işə girişməlisən. İşdən gələnin yeməyi, paltarı hazır olmalıdır”.

Kərim Məmmədov söhbətə müdaxilə edərək deyib: “Razıyam, inək, qoyun, qaz saxlayır. Bu işləri görməsə çətin olar”.



Xatirələri bir-bir yada salan Radə xanım yaşının üstünə yaş gəlsə də, yenə özünü gümrah hiss etdiyini, gənc yaşlarında olduğu kimi tarlaya, kombaynın sükanı arxasına keçməyə hazır olduğunu bildirib.





































Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: Bərdə   Kombayn