Aldım bir dənə, açdım min dənə... – Narın faydası

Aldım bir dənə, açdım min dənə... – Narın faydası
  05 Noyabr 2016    Oxunub:12295
“Meyvələrdən 3 meyvə var. Üçü də balam yeməli. Biri alma, biri heyva, biri nar”.

Yəqin ki, bu sözlər hər birinizə tanış gəldi. Məşhur xalq mahnılarından birində belə deyilir. İllərdir dildən-dilə düşən bu mahnıda süfrəmizin ən sevimli meyvələri vəsf edilir, şəninə təriflər söylənir. Payızda hamının həvəslə yediyi bu meyvələr insan orqanizmi üçün kifayət qədər faydalı, həm də dadlıdır.

Görünür, ovqatımıza ovqat qatan bu sözlərin müəllifi alma, hevva kimi narın da hikmətinə yaxşı bələd olub. Nar bu mahnıda deyildiyi kimi həm yeməli, həm də insan səhhəti üçün ən faydalı meyvələrdən hesab olunur.

Bu gün Nar festivalının keçirildiyini nəzərə alıb narın faydası ilə bağlı maraqlı məlumatları oxucuların diqqətinə çatdırırıq:

Ehtiras simvolu, “karfagen alması”

Elmi adı “Punika (tünd qırmızı) qranatum (dənə)” olan narın vətəni İran hesab olunur. Bu meyvə Yaxın və Orta Şərqdə, eləcə də Qədim Romada çox yayılıb.

Narın ilk dəfə Çində yarandığı ehtimal olunsa da, sonradan məlum olub ki, bu meyvə Çinə yalnız bzim eradan əvvəl 100-cü ildə gətirilib. Tac formasını xatırladan bu meyvə qədim zamanlardan Şərqdə bütün meyvələrin şahı hesab olunurdu. Nar Asiya mənşəlidir və insanların istifadə etdiyi ilk meyvələrdəndir. Qədimdə isə onu “ehtiras meyvəsi” adlandırırdılar. Bəziləri isə nara “karfagen alması” adını vermişdi.

Qədimdə narla bağlı müxtəlif inanclar da olub. Belə ki, yunanlar hesab edirdilər ki, nar Şərabçılıq Allahı Dionisin qanından yaranıb, nar ağaclarında isə xüsusi nimfalar, röyadlar yaşayırlar. Bundan başqa yunanlar bu meyvəni ər-arvad sədaqətinin simvolu kimi dəqiymətləndirirdilər.

Qədim Misirdə isə narı “o dünyadan qayıdış” simvolu sayırdılar. Ona görə də ölən adamla birgə nar basdırırdılar ki, həmin insan yenidən dirilsin. Göründüyü kimi azərbaycanlıların sevimli meyvəsi sayılan narla bağlı tarixin səhifələrində kifayət qədər məlumatlara rast gəlmək mümkündür.



Azərbaycanda isə Narın vətəni Göyçay hesab edilir. Lakin buna baxmayaraq nar Ağsu, İsmayıllı, Lənkəran, Masallı rayonlarında da becərilir. Nar həmçinin Zaqafqaziya, Orta Asiya respublikalarında, İranda və Aralıq dənizi ətrafları ölkələrinə də geniş yayılıb.

Becərilməsinə gəlincə isə ekspertlər bildirirlər ki, nar əkiləcək sahənin hər hektarının şum altına 25-30 ton peyin və 200 - 300 kq superfosfat vermək, şumu isə 40 sm dərinlikdə aparmaq lazımdır.

Payızda cərgələr arası 20 sm dərinlikdə şumlanır, gövdələrin ətrafı 10 sm dərinlikdə bellənir. Erkən yazda və yayda lazım gəldikcə kultivasiya edilir. Nar kolu 30 yaşına qədər və daha çox müddət yaxşı məhsul verir.

Nar yetişdi. Bəs sonra?

Azərbaycanda mütəlif növ narlar yetişdirilir ki, bunlardan “Gülöyşə”, “Bala Mürsəl”, “Nazik qabıq”, “Şax Nur”, “Qırmızı qabıq” və b.misal çəkmək olar. Bu narlar müxtəlif rayonlardakı zavodlarda emal olunur. Bu meyvədən şirə və digər məmulatlar istehsal olunur. Artıq Göyçay, Qəbələ, Ucar və Sabirabada emal zavodları fəaliyyətə başlayıb, kənd yerlərində qəbul məntəqələri yaradılıb. Təkcə Göyçay rayonunda 1700 hektardan artıq yeni nar bağı salınıb, ildə 30 min tondan çox məhsul istehsal olunur.

Hazırda Azərbaycan narları yerli və xarici bazarlara həm təzə meyvə şəklində, həm də emal olunmuş şəkildə təqdim olunur. Azərbaycanda istehsal edilən nar şirəsi Rusiyaya, MDB, Avropa ölkələrinə, ABŞ-a, İsrailə və Çinə ixrac edilir. Ümumiyyətlə isə Azərbaycan narı və nar məhsulları ABŞ, Kanada, Almaniya, Yeni Zelandiya, Yaponiya, Rusiya və Gürcüstana ixrac olunur. Narın emalı nəticəsində əldə olunmuş məhsullara şirə, sous, konsentrat məhsulları daxildir. Bu məhsullar arasında narşərab adlanan sous daha məşhurdur. Bu məhsul balıq yeməkləri və kabab çeşidləri olan süfrələrdə çox istifadə olunur.

Nardança, narqovurma, narşərab...



Narşərabdan başqa narın şirəsi, eləcə də nardança bu meyvədən hazırlanan sevimli məhsullardandır. Nardança nar dənələri və şəkər tozunu birlikdə bişirməklə hazırlanır, meyxoş dadı olur. Göyçaylılar nardançanı plovla, bəzi adamlar isə səhər yeməyində qızartma yumurta ilə yeməyi sevir.

Yeməklərdə də nardan istifadə olunur. “narqovurma” adı verilən, əsasən ət və şabalıddan ibarət olan yeməyə turşməzə dad vermək üçün turş nar dənələri əlavə olunur. Yaz fəsli gələndə sevimli yeməyə çevrilən göy kətəsinə də nar dənələri qatılır.

Nardan nə xeyir görmək olar?

Nar şirəsi C vitamini ilə xüsusilə zəngindir. Bir stəkan nar suyunun tərkibində bədənin C vitamini ehtiyacının 40%-i var. Bundan başqa nar - A, E vitamini deposudur. Bu meyvənin şirəsindən iştahasızlıqda, qan azlığında və s. xəstəliklərdə şəfaverici maddə kimi istifadə olunur. Narın budaq və kökünün qurudulmuş qabığı qurdqovucu dərman kimi faydalıdır. Meyvəsinin qabığı kolit xəstəliyinin müalicəsində xeyirlidir. Həmçinin nar əsəb üçün yararlıdır.

Bu meyvədən hamilə qadınlar da faydalana bilər. Belə ki, onların nar suyu içməsi körpəni beyin zədələrindən qoruyur. Bununla yanaşı, nar oynaqlarda olan iltihabı aradan qaldırır. Nar Alzheymer xəstəliyinin qarşısını alır və onu yavaşladır.

Narın təkcə özü yox, yarpağı da faydalıdı. Belə ki, nar yarpağı mədə zəifliyi, iştahasızlığa, ümumi zəifliyə və miqrenə qarşı ən yaxşı vasitədir. Bu meyvə ürək xəstəliklərinin qarşısını alır, qandakı xolesterinin səviyyəsini aşağı salır. Böyrəkləri təmizləyir və iştahı artırır. Yaxşı olar ki, yeməkdən əvvəl yeyilsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti