Strateji məqsədə çatmaq üçün 27 milyard manat yetərlidirmi? – TƏHLİL

Strateji məqsədə çatmaq üçün 27 milyard manat yetərlidirmi? – TƏHLİL
  20 Dekabr 2016    Oxunub:5354
Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilən strateji hədəflərə çatmaq üçün 27 milyard manat investisiya tələb olunacağı proqnozlaşdırılıb ki, bu da bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində cəmi vəsaiti əks etdirir.

Bu vəsait dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Hansı ki, buraya dövlət büdcəsi ilə büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vəsaitləri, yerli büdcələrin, habelə mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici investisiyalar, ölkənin bank sisteminə aid kredit və qrant resursları, beynəlxalq təşkilatlar ilə xarici dövlətlərin kreditləri, texniki, maliyyə yardımları, həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələr daxildir.

“Postneft dövründə inkişaf yolu: Xəritə hazırdır” yazımda da qeyd etmişdim ki, Prezidentin 6 dekabr 2016-cı il tarixində imzaladağı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərman ölkəmizin yaranmış yeni iqtisadi situasiya ilə əlaqədar seçməli olduğu növbəti inkişaf modelinin bir növ bünövrə mexanizmini müəyyən edir.

Ümumiyyətlə, sözügedən strategiyanın əhəmiyyəti ondan ibarətdir ki, bundan sonra bütün atılacaq müvafiq zəruri addımlar və tədbirlər, o cümlədən görüləcək işlər, imzalanacaq hər bir sənəd məhz göstərilən sahələr və istiqamətlər üzlə hazırlanmış strateji yol xəritələrinə uyğun olacaq.

Hesab edirəm, bu da hədəfə çatmaq üçün məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq. Odur ki, qalır, sözügedən yolları addımlamaq işi... Bu isə artıq, tam ayrı məsələdir.

Sual yaranır ki, bəs, strateji məqsədə çatmaq üçün 27 milyard manat vəsait az deyilmi?! Özü də tələb olunan vəsaitin bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcəyi qeyd olunur. Odur ki, aşağıda qısa da olsa məhz bu məsələni açıqlamağa çalışacağam.

Məsələ bundadır ki, 27 milyard manata dair rəqəm, fikrimcə, olduqca nisbi xarakter daşıyır. O mənada ki, bu sahədə dəqiq hesablama aparmaq və konkret rəqəm irəli sürmək əslində, düzgün deyil. Məsələ, heç də məzənnə dəyişiklikləri və sair kimi subyektiv amillər ilə əlaqədar deyil. Bəs söhbət, nədən gedir?!

Birincisi, investisiya elə bir amildir ki, sanki "su axınına" bənzəyir: hansı istiqamətdə hərəkət etmək və özünə yer tapmaq imkanı əldə edərsə, dərhal məhz oraya hərəkət edəcək. Yəni, 27 milyard manat vəsait qarşıya qoyulan məqsədə çatmaq üçün az da təşkil edə bilər, çox da.

Digər tərəfdən, bir faktı xatırladım ki, ölkədə bilavasitə regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildən indiyədək üç Dövlət Proqramı (DP) - “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Bunlardan əvvəlki ikisi tam icra olunaraq başa çatıb. Hələ, ayrı-ayrı bölgələrə aid və spesifik xarakterli proqramları demirik. Üçüncüsü isə 2014-cü ildən bəri icra edilməkdədir.

Əvvəlki iki DP çərçivəsində 50,7 milyard manat vəsait xərclənib ki, bu da devalvasiyalardan əvvəlki, yəni 1 ABŞ dolları 0,78 qəpik olan dövrə düşür. Birinci DP-nın icrasına 16 milyard, ikinciyə isə 34,7 milyard manat xərclənib.

Yəni demək istədiyim budur ki, ölkəmizin yeni iqtisadi inkişaf modelinə keçməsi üçün bütövlükdə tələb olunduğu deyilən 27 milyard manat vəsait indiyədək regionlara xərclənilən 50,7 milyard manatın müqabilində, indiki məzənnəni də nəzərə alsaq 2 dəfədən çox aşağı məbləğdir.

Düzdür, son 10-12 il ərzində regionlarımızın inkişafı məqsədilə az iş görülməyib. Müxtəlif infrastrukturlar yaradılıb, istehsal və emal müəssisələri təsis edilib, investisiya layihələri icra olunub, məşğulluğun genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bütün bunlar yenə davam etdirilməkdədir.

Ümumiyyətlə, 2004-cü ildə ölkənin sosial-iqtisadi inkişafına dair birinci Proqram qəbul olunanda məsələ qoyulmuşdu ki, Azərbaycanın regionları sürətlə inkişaf etsin. Sonrakı daha iki Proqramların əsas məqsədi və icrasında başlıca hədəf isə regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaratmaqdan ibarət idi ki, ümumən ölkəmizdə inkişaf hərtərəfli və dayanıqlı olsun.

Bu məqsədlə, sahibkarlığın inkişafına böyük dəstək həyata keçirilib. Belə ki, güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilib ki, artıq, başa çatmaqda olan bu ili də nəzərə alsaq 2 milyard manat təşkil etməlidir. Ümumiyyətlə, Azərbaycana 200 milyard manat sərmayə qoyulub. Bunun yarısını xarici sərmayə təşkil edib.

Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icra edilir. Bu, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələri və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəlməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamalıdır.

Lakin bölgələrimizin 80-90%-i hələ də dövlət büdcəsindən, yəni mərkəzdən dotasiya almaqda idi. 2016-cı ildən Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edirdi. Ancaq məlum olduğu kimi növbəti ildən, yəni 2017-ci ildən bu sıraya 27 adda rayon və şəhər də qoşulacaq.

Bütün bunlar da onu göstərir ki, sahibkarlığa dəstək, onun inkişafı təkcə malliyyədən asılı hesab edilməli deyil. Eyni zamanda, əlavə tədbirlər də görülməlidir. Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir.

Strateji Yol Xəritəsində müəyyən edilən strateji hədəflərə çatmaq üçün tələb olunan vəsaitlə də bağlı vəziyyət belədir. Odur ki, birmənalı şəkildə qeyd etmək istəyirəm ki, hər şey puldan deyil, məhz görüləcək işlərdən asılı olacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti