Şahin Əliyev: “...İbrahimbəyov qəzəblə mənə baxıb dedi...”

Şahin Əliyev: “...İbrahimbəyov qəzəblə mənə baxıb dedi...”
  23 Avqust 2013    Oxunub:8098
“Exo” qəzeti Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin rəhbəri Şahin Əliyevlə müsahibə dərc edib.

- Bu yaxınlarda mətbuatda Rüstəm İbrahimbəyovun Moskvadakı Azərbaycan SSR-nin daimi nümayəndəliyinin binasında Heydər Əliyev tərəfindən təşkil edilmiş və Azərbaycan SSR Ali sovetinin o zamankı sədri Elmira Qafarovanın icazə vermədiyi 1990-cı ilin yanvar hadisələri barədə mətbuat konfransında səsləndiriləcək bəyanatı ortaya çıxıb. Mən sizin 1994-cü ilin fevralın 5-də “Azərbaycan” qəzetinə həmin hadisələr haqqında verdiyiniz müsahibəni xatırlayıram. Səhv etmirəmsə, siz həmin dövrdə Azərbaycan Ali Sovetinin Rəyasət heyətinin hüquq şöbəsinin müdir müavini vəzifəsində çalışırdınız. İbrahimbəyovun bu bəyanatı barədə nə deyə bilərsiniz?


- Həmin dövrdə 30 yaşım var idi və o hadisələrini yaxşı xatırlayıram. 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Mərkəzi Komitəsinin (MK) Kommunist Partiyası (KP) iflic vəziyyətdə olduğuna görə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyəti yeganə işləyən dövlət orqanı olaraq qalırdı.

Hadisələr elə gətirdi ki, Bakıda qan tökülməsinə qarşı çıxan yeganə vəzifəli şəxs Ali Sovetin sədri Elmira Qafarova oldu. Hamı onun Azərbaycan radiosu vasitəsilə səsləndirdiyi bəyanatı xatırlayır. Bəyanatda o, Bakıda qan tökülməsində Sovet İttifaqı Kommunist Partiyası MK-nin baş katibi Mixail Qorbaçovu ittiham etmişdi. Bəyanatın mətnini onun katibliyinin müdiri Nizami Sadıxov və mən hazırlamışdıq.

Radiostansiya qoşunlar tərəfindən tutulmuşdu. Həmin dövrdə Ali Sovet sədrinin mühafizəsi olmadığı üçün radiostansiyaya gedərkən onu mən, Ali Sovet Rəyasət heyətinin əməkdaşları İsmayıl Vəliyev və Balaş Abbasov müşayiət edirdik. Qafarova radiostansiyaya nəzarət edən polkovnikdən birbaşa yayımda çıxış edə bilməsinin mümkünlüyünü soruşdu. “Elmira xanım, buranın sahibəsi sizsiniz!” – deyə cavab verildi. Bu çıxışı ilə Elmira Qafarova təkcə karyerasının deyil, həm də öz həyatının üstündən xətt çəkdi.

1990-cı ilin yazında mən Ali Sovet Rəyasət heyətinin əməkdaşı Cahangir Nəcəfovla onu SSRİ Ali Sovetinin sessiyasında müşayiət edirdik. Bir gün səhər onun qarın nahiyəsində güclü ağrı başladı. Mən C.Nəcəfovla Elmira xanımı “Kreml” xəstəxanasına apardıq. Burada kor bağırsağına görə onun əməliyyat olunmasını söylədilər. Həmin əməliyyatdan sonra heç vaxt içki içməyən sağlam qadının qaraciyərində xərçəng xəstəliyi yarandı və o dünyasını dəyişdi.

Soruşa bilərsiniz ki, mən bütün bunları niyə danışıram? Cavab sadədir - qan tökülməsinin dayandırılması üçün həyatını təhlükə altına qoymuş insan, İbrahimbəyova bu cür məsləhəti verə bilməzdi.

Mən hadisələrin hətta əksini danışa bilərəm. 1990-cı il martın 12-dən 15-dək Moskvada SSRİ Xalq deputatlarının 3-cü Qurultayı keçirilirdi. Bizim nümayəndə heyətimiz “Moskva” mehmanxanasında qalırdı və burada “Bakı qanlar içində” filmi göstərilirdi. Azərbaycanı 32 deputat təmsil edirdi. Qurultayda yanvar hadisələrini danışmaq üçün əlaqədar sualları cavablandıracaq deputatlar qabaqcadan təyin edilmişdi. Hər kəs danışmaq üçün xüsusi tapşırığa malik idi. Həmin məsələ ilə əlaqədar Arif Məlikov və mərhum Tofiq Qasımov canfəşanlıq göstərirdilər.

Mən orada İbrahimbəyova yaxınlaşdım və onun çıxışının mümkün mövzusu ilə maraqlandım. O, lovğa və qəzəbli baxışla mənə cavab verdi. Bu sözləri heç vaxt unutmayacağam: “Cavan oğlan, siz özünüzü nə sanırsınız?” Sovet İttifaqı kinematoqrafiyasının adlı-sanlı xadimi Rüstəm İbrahimbəyov, 1990-cı ilin yanvar hadisələrinin müzakirəsi vaxtı SSRİ Xalq deputatlarının Qurultayında susmağı üstün tutdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti