`Narazılıqları İtaliya hökumətinə çatdırdıq` - Şefçoviç

`Narazılıqları İtaliya hökumətinə çatdırdıq`  - Şefçoviç
  23 Fevral 2017    Oxunub:1804
“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində olduqca böyük irəliləyişlər var.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bundan bəhrələnəcək:

“Layihənin icrası ilə bağlı ləngimələrlə bağlı narazılıqlar var idi. Lakin müasir dövrün çağırışları da nəzərə alınmalıdır. Biz bu narazılıqları İtaliya hökumətinə çatdırdıq. Hesab edirik ki, bütün “Cənub Qaz Dəhlizi” bütün iştirakçılar, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki, bu qaz ilk olaraq İtaliyaya çatdırılacaq. Biz istəyirik ki, ilk qaz 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılsın. Biz buna nail olacağıq”.

O bildirib ki, nazirlərin üçüncü toplantısı çox uğurlu keçib. Toplantıda "Cənub Qaz Dəhlizi" layihəsinin icra vəziyyəti və layihənin seqmentlərinin inkişafı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr, eləcə də qarşıya çıxan çətinliklər nəzərdən keçirilib.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan isə deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur və bu layihə ABŞ üçün strateji layihə olaraq qalır: “Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Bəzi çağırışlar mövcuddur. ABŞ olaraq biz hesab edirik ki, birgə şəkildə bu çətinliklərin öhdəsindən gələcəyik və Xəzərdə hasil olunan karbohidrogenlərin Avropaya çatdırılmasına nail olacağıq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti