146 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

146 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır
  06 Mart 2017    Oxunub:1227
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 4-də növbəti hərrac keçiriləcək.

Komitədən AzVision.az-a verilən məlumata görə, hərraca 146 dövlət əmlakı olmaqla, 21 səhmdar cəmiyyəti, 78 kiçik dövlət müəssisə və obyekti, 16 istifadəsiz qeyri-yaşayış sahəsi və 14 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Sumqayıt şəhərində yerləşən “1 saylı təsərrüfat hesablı stomatoloji poliklinika”, Astara şəhərində yerləşən "Azərbaycan" kinoteatrı, Qusar rayonunda yerləşən “Qusar Tədarük Satış Bazası” və digərləri aiddir. Göstərilən keçidə daxil olmaqla həmin əmlaklar ilə yaxından tanış olmaq olar.

(https://azvision.az/redirect.php?url=http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1489) Hərraca çıxarılan müəssisələr sırasında Ağsu Sənaye İnşaat, Daşkəsən Aqrotexservis, Əli Bayramlı Kəndnəqliyyat, Lənkəran Mebel, Zaqatala Fındıq kimi iri dövlət əmlakları var. Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Bu dəfəki hərracda 21 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Özəlləşdirmə portalına (privatization.az) daxil olmaqla hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı, hüquqi ünvanı, 1 səhmin nominal dəyəri, ilkin satış qiymətinin 10% həcmində hesablanmış behin məbləği barədə ətraflı məlumatlar yerləşdirilir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Sumqayıt şəhərində yerləşən 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikasıdır. Qeyd olunan bu əmlakın ilkin start qiyməti 412 min manatdır.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 12-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Ağstafa və Kürdəmirdə yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 63 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 31 min manat start qiyməti təyin olunub.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti