Kurık limanından Azərbaycana ilk yük göndərilib

Kurık limanından Azərbaycana ilk yük göndərilib
  27 Mart 2017    Oxunub:1403
Qazaxıstanın Kurık limanından Azərbaycana ilk yük yola salınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, “Bərdə” gəmi-bərəsi ilə göndərilən vaqonlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Kurik limanı rəhbərliyinin də yaxından izlədiyi “Bərdə” bərəsinin yanalma əməliyyatı və vaqonların gəminin göyərtəsinə yüklənməsi prosesi uğurla həyata keçirilib.

Ümumi sahəsi 40 hektar olan Kurık limanı əlverişli coğrafi mövqeyə malikdir. Ərazisində suyun dərinliyi limandan ən müxtəlif təyinatlı yüklərin yola salınmasına və qəbuluna imkan verir. Kompleksin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində yerləşməsi sözügedən istiqamətdə artan yük həcmlərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Gələcəkdə Kurık bərə kompleksinin yükdaşımalarda rolunun artacağı gözlənilir. Bunun üçün ərazidə infrastruktur işləri davam etdirilir. Hazırda daha bir yanalma körpüsünün tikintisi işləri aparılır. Həmin körpü avtomobil daşıyan gəmilər (Ro-Ro/Ro-Pax) üçün yeni imkanlar açacaq.

Bu günədək Qazaxıstandan tranzit yükdaşımaları yalnız Aktau limanı ilə həyata keçirilib. Aktau limanının yükaşırma imkanlarının məhdud olması, əlverişsiz coğrafi şəraiti (küləklərin birbaşa təsirinə məruz qalması) rentabelliyə mənfi təsir göstərirdi. Bu səbəbdən Kurık bərə kompleksinin istifadəyə verilməsi Azərbaycan üçün də əhəmiyyətli sayılır. Yeni kompleks Aktau ilə müqayisədə Bakı Limanına daha yaxın məsafədə yerləşir. Belə ki, Kurıkdan Bakıya təxminən 18, Aktaudan Bakıya isə 22 saatlıq yol var.

Limanın tikintisində Azərbaycan dənizçilərinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təcrübəsi əsas götürülüb. Kurıkdan yola salınan ilk gəmi də ölkəmizə məxsus olub. 2016-cı il dekabrın 7-də sınaq mərhələsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi istifadə edilib.

Xatırladaq ki, gəmiçilik Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir. Hazırda 13 gəmi-bərə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal Ro-Pax tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək. Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.

AzVision.az


Teqlər: Qazaxıstan   Kurıklimanı   Azərbaycan  





Xəbər lenti