Azərbaycan-Estoniya arasında protokol imzalanıb - Foto

Azərbaycan-Estoniya arasında protokol imzalanıb - Foto
  07 Aprel 2017    Oxunub:1553
Cari ilin 6-7 aprel tarixlərində Bakıda Azərbaycan ilə Estoniya arasında Ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 3-cü iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan AzVision.az–a verilən xəbərə görə, Azərbaycan Respublikası tərəfindən komissiyaya nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Estoniya Respublikası tərəfindən isə Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mixail Korb rəhbərlik edir.

Hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə müxtəlif dövlət qurumlarının təmsilçiləri daxildir. İclasda sənaye və energetika, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük, vergi, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Hökumətlərarası komissiyanın iclası iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönəlib. Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Komissiyanın iclası çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə Biznes Forum keçirilib. Biznes forumda hər iki ölkənin sahibkarları arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb, yeni biznes əlaqələri qurulub.

Qeyd edək ki, Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mixail Korbun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində müxtəlif dövlət qurumlarında görüşlər keçirilib, ali dövlət rəsmiləri ilə müzakirələr aparılıb.



AzVision.az




Teqlər: Azərbaycan   Estoniya   protokol  





Xəbər lenti