Son 12 ildə 222 körpü tikilib
Ötən il “Azəravtoyol” ASC kollektivi tərəfindən uzunluğu 880 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və ya təmir olunub. Həmin yolların 323,5 kilometri respublika, 463,6 kilometri yerli əhəmiyyətli, 92,9 kilometri isə Bakı şəhərinin yolları olub: “Ötən il Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib. Bundan əlavə, il ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 289,6 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib. Paytaxtda yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər hazırda sürətlə davam etdirilir”
Məqalədə deyilir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış borc sazişi əsasında həyata keçirilən 154,4 kilometr Mingəçevir-stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində işlər də davam etdirilir. Tikinti işlərinin ilk mərhələsi çərçivəsində yenidən qurulan 16,45 kilometrlik Mingəçevir-stansiya Mingəçevir hissəsi artıq istifadəyə verilib. Yolun Qarağacı-Bəhrəmtəpə (26-137,9 kilometr) və 26 kilometrlik Aran-Qarağacı hissələrinin tikintisinin isə 2018-ci ildə tamamlanacağı gözlənilir. Şimal-Cənub avtonəqliyyat dəhlizi son illər reallaşdırılan mühüm infrastruktur layihələrindən sayılır:
“Bu baxımdan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi xüsusi əhəmiyyət daşıyır. Dünya Bankı və Asiya İnkişaf Bankının kreditləri hesabına maliyyələşdirilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 54,4 kilometr hissəsinin tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərənçay üzərindəki körpülərin tikintisi başa çatdırılıb. Yolun 149,5 kilometr hissəsinin inşası isə bu il tamamlanacaq”.
AzVision.az
Teqlər: Azəravtoyol