Xristian qəbiristanlığı ilə bağlı yalan xəbər yayanın kimliyi açıqlandı

Xristian qəbiristanlığı ilə bağlı yalan xəbər yayanın kimliyi açıqlandı
  12 May 2017    Oxunub:6241
Bəzi internet saytlarında və “Facebook” sosial şəbəkəsində Xudat şəhərində guya xristian qəbirstanlığının dağıdılması barədə yayılan məlumatların heç bir əsası yoxdur.
AzVision.az xəbər verir ki, məlumatın yayılmasından dərhal sonra Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşları Xudat şəhərindəki sözügedən qəbiristanlığa baxış keçiriblər. Baxış zamanı qəbiristanlığın ərazisində heç bir tikinti işlərinin aparılmadığı müəyyən edilib.

Məlumatlarda barəsində danışılan 40 kv.metr sahəyə malik olan obyekt qəbiristanlığın ərazisindən kənarda yerləşir və fəaliyyət göstərmir. Bu ərazidə hər hansı bir başqa obyektin inşası da nəzərdə tutulmayıb.

Hazırda Xaçmaz rayonunda 10-dan artıq xristian qəbiristanlığı mövcuddur. Bunların hamısı bələdiyyələr tərəfindən qorunur və heç birinin ərazisinə müdaxilə olunmur. Rayonda yaşayan xristian təriqətli insanlar tolerantlıq şəraitində yerli əhali ilə birlikdə sərbəst şəkildə mövcud qəbiristanlıqlardan istifadə edirlər.

“İnternet şəbəkəsində yayılan bu məlumatlarların müəllifi Xaçmaz rayon sakini, “Azadlıq” radiosu Xaçmaz bürosunun və “Doğru.tv” internet saytının əməkdaşı, radikal dini cərəyanlara meyilli Məmmədli Cəmil Qiyas oğludur. Bir daha qeyd edirik ki, bu məlumatlar böhtan xarakteri daşıyır və ərazidə yaşayan xristian təriqətli insanlarla müsəlman əhali arasında nifaq salmağa xidmət edir. Uzun illər boyu rus və digər slavyan xalqları ilə birgə yaşayan Xaçmaz rayon əhalisi və rayonda rəsmi fəaliyyət göstərən Rus İcması belə məlumatların yayılmasını qətiyyətlə pisləyir və milli münasibətlərdə bilərəkdən qarışıqlıq salmaq cəhdi kimi qiymətləndirirlər”,- deyə Xaçmaz rayon icra hakimiyyətinin yaydığı məlumatda bildirilir.



Teqlər: #Xudat   #Xristian-qəbiristanlığı  





Xəbər lenti