Hərracda 7 dövlət əmlakı özəlləşdirilib

Hərracda 7 dövlət əmlakı özəlləşdirilib
  13 İyun 2017    Oxunub:1216
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə keçirilən açıq hərraclar davam etdirilir.
Komitədən AzVision.az-a bildirilib ki, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac iyunun 13-də keçirilib. Hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfathesablı Təmir-Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edək ki, “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1306 kvadratmetr, ümumi faydalı sahəsi isə 298 kvadratmetrə yaxındır. Təsərrüfathesablı Təmir-Tikinti sahəsinin isə torpaq sahəsi 281 kvadratmetr, ümumi faydalı sahəsi 81 kvadratmetrə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kvadratmetr ilə 577 kvadratmetr arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Keçirilən hərracların nəticələri ilə https://azvision.az/redirect.php?url=http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkdən istifadə etməklə tanış olmaq mümkündür.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyunun 20-də keçiriləcək. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyət, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi, 8-i isə nəqliyyat vasitəsidir.

AzVision.az


Teqlər: hərrac  





Xəbər lenti