Avropa İttifaqının komissarı Bakı Limanında olub

Avropa İttifaqının komissarı Bakı Limanında olub
  16 İyun 2017    Oxunub:1697
Avropa Ittifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohanes Han Azərbaycana səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edib.
Qurumun mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, səfər çərçivəsində qonağa yeni Bakı Limanı və onun ətrafında qurulmaqda olan Azad Ticarət Zonasının (ATZ) Azərbaycana verəcəyi töhfələr barədə məlumat verilib.

Yohanes Han həmçinin limanın ərazisi, beynəlxalq standartlara uyğun prosedurlar, o cümlədən gömrük, sərhəd, bankçılıq xidmətləri, tırlar üçün yaradılmış şəraitlə əyani tanış olaraq, bərə terminalına baxış keçirib.

Görüş zamanı qonağa məlumat verilib ki, yeni Bakı Limanının tikintisinin birinci fazası bitdikdən sonra yükaşırma qabiliyyəti 15 milyon ton olacaq. Tikintinin ikinci və üçüncü fazaları yekünlaşandan sonra isə Liman 25 milyon ton yük, o cümlədən 1 milyon TEU konteyner aşıra biləcək.

Komissar Yohanes Han ölkəmizə səfəri çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə səfər etməsini vacib hadisə kimi dəyərləndirib. O, Bakı Limanın Mərkəzi Asiyaya çıxış qapısının olduğunu, Avropa İttifaqının (Aİ) qonşuluq siyasətində mühüm yer tutduğunu vurğulayaraq qeyd edib ki: “Avrasiya məkanında mühüm nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Limanı məni heyran etdi. Bu liman Azərbaycanla, bütün region və Avrasiya arasında ticarətə yeni təkan verəcəkdir. Qeyd olunan layihə ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin qəbul etdiyi iqtisadi islahatlar haqqında yol xəritəsinin xoş səylərini numayiş etdirir.”

Bakı Limanının Baş direktoru Taleh Ziyadov Liman ətrafında qurulmaqda olan ATZ-nin Avropa İttifaqı şirkətləri və investorları üçün ideal logistika, paylaşdırma və istehsalat mərkəzi olduğunu vurğulayıb. Qeyd edilib ki, zonada neft-kimya, əczaçılıq, maşınqayırma, tekstil və sair sahələrdə istehsalatın qurulacağı planlaşdırlır. Eyni zamanda, ATZ-nin xüsusi qanunvericiliklə tənzimlənəcəyi nəzərdə tutulur.

Baş direktor Ziyadov bildirib ki: “Azərbaycanın böyük “hub” konsepsiyası hal-hazırda müxtəlif İpək Yolu ölkələrinin diqqət mərkəzindədir və bu konsepsiyaya maraq olduqca yüksəkdir. İnanıram ki, Ələt ATZ Orta Asiya, Çin, Türkiyə, İran, Hindistan, Pakistan, Rusiya kimi ölkələrlə ticarət əlaqələri quran Avropa investorları və şirkələri üçün mühüm əlaqələndirici məkan olacaq.”

Xatırladaq ki, Bakı Limanı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. İttifaq ilə Bakı Limanı arasında yeni Bakı Limanının və Ələt Azad Ticarət Zonasının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dəstək adlı layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində digər tədbirlərlə yanaşı Aİ-nin Hamburq, Koper və Trieste kimi qabaqcıl limanlarına təlim səfərləri təşkil olunmuş və təcrübə mübadiləsi aparılmışdır. Ümumiyyətlə, Bakı Limanının müasir və şəffaf prinsiplərə söykənən iş rejimi,“yaşıl” və “smart” texnologiyalardan istifadəsi Avropa İttifaqı tərəfindən dəstəklənməkdədir.

AzVision.az


Teqlər: Bakı-Limanı   Avropa-İttifaqı  





Xəbər lenti