Mənzil bazarında son vəziyyət: Evlər ucuzlaşıb, alıcı tapılmır
Bunu AzVision.az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, kirayə mənzillərin ucuzlaşması mövsüm üçün xarakterikdir.
R.Osmanlı qeyd edib ki, kirayə mənzil bazarında 15-20 faiz ucuzlaşma müşahidə edilir, amma bu qısa müddətlidir. “Hesab edirəm ki, iyulun sonu, avqustun əvvəllərindən başlayaraq qiymətlər stabilləşəcək və yenidən artmağa doğru dəyişəcək. Məsələn, mikrorayon ərazisində 1 otaqlı mənzillərin qiyməti mövsüm vaxtı 250-300 manat idisə, indi 200 manata belə mənzil tapmaq mümkündür. Yasamal rayonu ərazisində, İnşaatçılar metrosu yaxınlığında 1 otaqlı mənzillərin qiyməti təxminən 250 manatdan başlayırdısa, indi 150 manata kirayə mənzil tapmaq olar. Əhmədli, Neftçilər metrosu ətrafında kirayə mənzillərin qiymətləri 200 manatdan başlayır. Mərkəzə yaxın yerlərdə 1 otaqlı kirayə mənzillərin qiyməti bu gün 200 manatdır”.
Əmlak eksperti bildirib ki, daşınmaz əmlakın alqı-satqı əməliyyatları xeyli azalıb, ciddi geriləmə müşahidə edilir.
“İpoteka kreditləri hesabına vəziyyəti qorumaq mümkündür. Daşınmaz əmlak bazarında mənzillərin ucuzlaşması baş verir. Bu ucuzlaşmalar dinamik xarakterli deyil və böyük faizlərlə ölçülmür. Xüsusilə köhnə mənzillərdə təqribən aylıq 2-3 faiz qiymətlərin ucuzlaşması müşahidə edilir. Bu da ümumi makroiqtisadi amillərin bazara təsiri nəticəsində yaranmış qeyri stabil vəziyyətlə bağlıdır. Alıcı qıtlığı var, bir tərəfdən də maliyyə bazarlarında baş verən vəziyyətin buna təsiri müşahidə edilir. Bank əməliyyatlarının həcminin azalması bazara ciddi təsir edir. Nəticədə böyük pulların oynadığı daşınmaz əmlak bazarında durğunluq yaranır. Azərbaycanın yerləşdiyi coğrafiyada ciddi maliyyə böhranları olacaqsa, daşınmaz əmlak bazarında qiymət azalmaları davamlı olacaq. Digər tərəfdən neftin qiymətinin də buna təsiri var. Düşünürəm ki, yaxın dövrlərdə, ən azı 1 ildə vəziyyətin müsbətə doğru dəyişməsi üçün iqtisadi əsaslandırma mövcud deyil”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Mənzil-bazarı Bina Kirayə