“Dağıstan” bərəsi modernləşdirilir

“Dağıstan” bərəsi modernləşdirilir
  12 İyul 2017    Oxunub:1589
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dağıstan” gəmi-bərəsinin “Zığ” Gəmi Təmiri Zavodunda modernləşdirilməsi davam edir.
QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bütün işlər Gəmiçiliyin mühəhdis-texniki heyətinin hazırladığı yeni layihə əsasında həyata keçirilir. Layihədə gəminin güc qurğularının dəyişdirilməsi və yeni reduktorların quraşdırılması nəzərdə tutulub.

Hazırda böyük maşın şöbəsində baş mühərriklərin və reduktorların quraşdırılması əməliyyatı gedir. Reduktor baş mühərriklə avar valların arasında yerləşən qurğudur və baş mühərrikin əvəzlənməsi nəticəsində avar vallarla mühərriklərın dövrlər sayında yaranan fərqi tənzimləyir. Yəni, köhnə mühərriklərdən fərqli olaraq, yeni baş mühərriklər 1000 dövrdəqqiqə sürəti ilə firlanır. Bu sürət isə gəminin layihə sənədlərində nəzərdə tutulmayıb. Yeni quraşdırılan reduktorlar avar valların həmin fırlanma sürətini – 230 dövr/dəqiqəyə salır.

Məlumat üçün bildirək ki, gəmi-bərədə quraşdırılan bu reduktorlar dünyanın aparıcı şirkəti olan “Wartsila”-nın istehsalıdır.

Eyni zamanda “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Əvəz olunan həm baş , həm də 1000 kilovat gücünə malik köməkçı mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək texniki xidməti asanlaşdırmaq baxımından da cox sərfəlidirlər. Köməkçi mühərriklər artıq quraşdırılıb və yoxlanışdan keçirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri də Finlandiyadan sifariş edib. “Wartsila” W32 markalı mühərrik dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.

Avtomobilləri yükləyib-boşaltmaq üçün gəminin yan tərəfindən əlavə qapının (aparel) da açılması nəzərdə tutulub. Bu isə gəminin istənilən limanda həm arxa, həm də yan qapıdan yük əməliyyatlarının aparılmasına imkan verəcək.

Həmçinin təmir zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri də dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Artıq yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi – yağ, su, balast sistemləri və sair əsaslı təmir olunur.

Sonda gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və sualtı hissələri də təmir olunub xüsusi boyalarla rənglənəcək.

Görüləcək təmir işləri bərənin yanacaq sərfiyyatını 25-30 faizə qədər azaltmağa imkan verəcək. Yekunda yeni avadanlıqların sərfiyyatını dəqiqləşdirmək məqsədi ilə gəmi sınaqdan keçiriləcək. Təmirdən sonra bərə 14-15 uzellə səfərlərini davam etdirəcək.

Məlumat üçün bildirək ki, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.

AzVision.az


Teqlər: Dəniz   Gəmi   Təmir  





Xəbər lenti