“Moody’s” Beynəlxalq Bankın reytinqlərini yüksəldib
Agentliyin açıqlamasında bildirilib ki, yeni reytinqlər restrukturizasiya planı üzrə səsvermənin 18 iyulda elan olunmuş nəticələrinə əsaslanır. Reytinqlərdə baş verən müsbət dəyişikliklər restrukturizasiya prosesi başa çatandan sonra bankın maliyyə durumunun yaxşılaşacağı ilə bağlı “Moody’s”in gözləntilərini əks etdirir. Agentliyin proqnozlarına görə, öhdəliklərin restrukturizasiyası planının bu şəkildə icrası bankın maliyyə dayanıqlığını, kapital mövqeyini gücləndirəcək və aktivlərinin keyfiyyətini yaxşılaşdıracaq. Öhdəliklərin könüllü restrukturizasiyası ilə yanaşı, problemli aktivlərin bankın balansından çıxarılması da aktivlərinin keyfiyyətinin yaxşılaşmasına kömək göstərəcək.
“Moody’s” ekspertlərinin rəyinə görə, problemli aktivlərin transferi bu ilin sonuna qədər başa çatacaq. Nəticədə, bankın birinci dərəcəli kapitalının 13 faiz ətrafında olması ehtimal edilir. Agentlik bankın 2018-ci ili mənfəətlə başa vuracağını gözləyir. Mənfəətlilik səviyyəsi, ölkənin makroiqtisadi durumundan da çox asılı olacaq.
“Moody’s” Azərbaycan hökumətinin böyük ehtimalla banka dəstəyi davam etdirəcəyini gözləyir. Bu gözlənti bankın səhmlərinin 95 faizinin dövlətə məxsus olması, ABB-nin ölkənin ən böyük bankı olması və bank bazarındakı aktivlərin əhəmiyyətli hissəsini bölüşməsi kimi amillərlə əsaslandırılıb. Eyni zamanda, hökumətin bankda vəsait yerləşdirmiş əmanətçilərə və digər müştərilərə dəstək verdiyi xüsusi qeyd edilib. Belə ki, öhdəliklərin restrukturizasiyası prosesinin ABB-də depoziti olan müştərilərə heç bir təsiri olmayıb.
Rəydə o da göstərilib ki, restrukturizasiya planı başa çatdıqdan sonra “Moody’s” reytinqlərə yenidən baxacaq və gələcək durumuna uyğun olaraq bankın reytinqlərini yüksəldəcək.
AzVision.az
Teqlər: Beynəlxalq-Bank