"Altı şəhərin kanalizasiya sistemi yenidən qurulacaq" - Qorxmaz Hüseynov

"Altı şəhərin kanalizasiya sistemi yenidən qurulacaq" - Qorxmaz Hüseynov
  01 Avqust 2017    Oxunub:5041
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2017-ci ilin birinci yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Qurumun mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi 2017-ci ilin birinci yarısında da Azərbaycanda sabitlik və inkişaf təmin olunub, ölkəmiz bir sıra nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2017-ci ilin yanvar-iyun aylarında sosial və infrastruktur layihələrinin icrası uğurla davam etdirilib.
“Azərsu” ASC-nin sədri ilin ilk 6 ayında su təsərrüfatı sektorunda əlamətdar hadisələrin baş verdiyini diqqətə çatdırıb. 14-18 mart 2017-ci il tarixlərində I Bakı Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri keçirilib. “Azərsu” ASC Beynəlxalq Su Resursları Assosiasiyasının üzvü seçilib və bu təşkilat 2021-ci ildə Dünya Su Konqresinin Bakı şəhərində keçirilməsi təklifini dəstəkləyib. Səhmdar Cəmiyyət Beynəlxalq Biznes Təşəbbüsləri Təşkilatının liderlik, keyfiyyət, innovasiya və mükəmməllik sahəsində Qızıl Mükafatına layiq görülüb.



2017-ci ilin yanvar-iyun aylarında içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib. “2017-ci ildə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Ötən dövrdə Xırdalan şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərində şəbəkələrin tikintisi sürətləndirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilir. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əkin sahələrinin suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə işlər davam etdirilir”.



Səhmdar Cəmiyyətin sədri bildirib ki, 2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib. Sonra “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2017-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.



“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrin icrası davam etdiriləcək. İlin sonunadək 6 şəhərdə layihələrinin icrasının yekunlaşması gözlənilir. Eyni zamanda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması, Bakı şəhərində səth sularının yığılma təhlükəsi olan ərazilərdə həyata keçirilən layihələrin başa çatdırılması nəzərdə tutulur. Səhmdar Cəmiyyətin sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, çoxmənzilli binaların zirzəmilərində təmir-bərpa işlərinin aparılması, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.

AzVision.az



Teqlər: Azərsu   hesabat  





Xəbər lenti