Polşa XİN rəhbərinin müavini Məmmədyarovun qəbulunda

Polşa XİN rəhbərinin müavini Məmmədyarovun qəbulunda
  17 Avqust 2017    Oxunub:1410
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salınıb və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin bu ilin iyununda Polşaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Polşanın Azərbaycanın mühüm tərəfdaşlarından biri olduğunu deyən E. Məmmədyarov iki ölkə arasında iqtisadiyyat, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafından danışıb və Polşanın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişi dəstəkləməsinin təqdir edildiyi bildirib.

J. Dziedziczak Azərbaycanın və paytaxt Bakının inkişafının yüksək təəssüratlar doğurduğunu qeyd edib. O, Azərbaycanın Birinci Avropa Oyunları, Formula 1 kimi mötəbər yarışların keçirildiyi məkan olduğunu bildirib və 41-ci Ümumdünya Skaut Konfransının Azərbaycanın ev sahibliyi ilə uğurla keçirildiyini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu deyən nazir müavini BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən bu ilki seçkilərdə Polşanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

E. Məmmədyarov isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Görüşdə ictimai diplomatiya və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və razılığa gəlinib ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyinə dair birgə fəaliyyət proqramı hazırlansın.

AzVision.az


Teqlər: XİN   Polşa   Dağlıq-Qarabağ  





Xəbər lenti