10 dövlət əmlakı özəlləşdirilib

10 dövlət əmlakı özəlləşdirilib
  05 Sentyabr 2017    Oxunub:1263
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.

Bu dəfə də nəqliyyat vasitələri üzrə hərrac rəqabətli mühitdə keçib. Belə ki, ilkin start qiyməti 6 min manata olan "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin ilkin start qiyməti 1 705 manat olan "Chevrolet Niva" markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100 kvadratmetrə yaxındır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın fəaliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kvadratmetr təşkil edir.

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kvadratmetrdən çoxdur.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Regionlarda da hərraclar keçirilir. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 700 mindən artıqdır.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur.

Əmlak Məsələləri Dövlət Komitəsi qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.

AzVision.az


Teqlər: Əmlak-Komitəsi   hərrac  





Xəbər lenti