Fermerlərə ayrılan yardımın məbləği açıqlanıb

Fermerlərə ayrılan yardımın məbləği açıqlanıb
  07 Sentyabr 2017    Oxunub:1498
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 34 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Respublika Komissiyası 34 rayon (şəhər) üzrə 25 6138 istehsalçıya 737 814,13 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 49 468 622,50 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Beləliklə, ümumilikdə Respublika Komissiyası 2017-ci ildə 57 rayon (şəhər) üzrə 372042 istehsalçıya 1025916,15 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 68 421 933,95 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

AzVision.az


Teqlər: Kənd-Təsərrüfatı-Nazirliyi   fermer   iclas  





Xəbər lenti