Nazirlik nöqsanı olan vergi ödəyicilərinə vaxt verdi

  12 Sentyabr 2017    Oxunub : 542
Nazirlik nöqsanı olan vergi ödəyicilərinə vaxt verdi

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Nazirliyin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə AzVision.az-a Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib. Kollegiyaya sədrlik edən vergilər naziri Fazil Məmmədov çıxışı zamanı 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə edildiyini deyib. Onun sözlərinə görə, cari ilin əvvəlində vergi qanunvericiliyində və bir sıra digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər dövlət büdcəsinə vergi daxilolmalarının həcminə də müsbət təsir edib və büdcə proqnozları icra olunub.

F.Məmmədov bununla yanaşı büdcə gəlirlərinin artırılmasının davamlılığı və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmağın vacib olduğunu diqqətə çatdırıb.

Kollegiya iclasında əsas məruzə ilə çıxış edən büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı Habil Məmmədov iqtisadiyyatın ayrı-ayrı sektorları və tədiyyə növləri üzrə vergi daxilolmalarının cari vəziyyəti və vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış təhlillər barədə məlumat verib. Bu məqsədlə cari ilin sentyabr ayı və sonrakı 3 ay üçün Tədbirlər Planının ilkin layihəsinin hazırlandığı qeyd edilib və həmin Tədbirlər Planının əsas müddəaları kollegiya üzvlərinin nəzərinə çatdırıb.

H.Məmmədovun sözlərinə görə, Tədbirlər Planı iki hissədən, 2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və həmin dövrdə vergi inzibatçılığı ilə bağlı görülməli işlərdən ibarətdir. O, potensial vergi gəlirlərinin artırılması üçün borclu vergi ödəyicilərdən daxilolmaların təmin edilməsinin zəruri olduğunu qeyd edib. Səyyar vergi yoxlamaları ilə aşkarlanmış nöqsanları növbəti hesabat dövrlərində aradan qaldırmayan vergi ödəyicilərinin müəyyən edilməsi və yayındırılmış vergilərin bərpa edilməsi üçün tədbirlərin görülməsinin vacibliyi bildirib. Nazir müşavirinin sözlərinə görə, aparılmış təhlillər ayrı-ayrı fəaliyyət sahələri üzrə vergidən yayınma hallarının hələ də mövcud olduğunu göstərir və belə sahələrdə vergi nəzarətinin artırılmasına və inzibatçılığın təkmiləşdirilməsinə ehtiyac var.

Tədbirlər Planı toplantıda ətraflı müzakirə edilib, hər bir struktur vahidi üzrə Tədbirlər Planında nəzərdə tutulan konkret vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Nazir F.Məmmədov vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, real vergitutma bazasının düzgün müəyyənləşdirilərək ödəmə qabiliyyətli vergi ödəyiciləri üzrə borcların alınmasına dair işlərin sürətləndirilməsi, vergi yoxlamalarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, nağd hesablaşmalar aparan vergi ödəyiciləri üzrə vergidən yayınma hallarının təhlil edilərək qanunamüvafiq tədbirlərin görülməsi, vergi sahəsində həyata keçirilən inzibatçılıq tədbirlərinin səmərəliliyinin artırılması olduğunu bildirib.

Nazir vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətinin, vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlərin və qanunsuz sahibkarlıq fəaliyyətinə nəzarətin daha da gücləndirilməsinin, fəaliyyət sahələri üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə “2017-ci ilin sentyabr ayı və növbəti 3 ay üçün Vergilər Nazirliyi qarşısında duran vəzifələrlə bağlı Tədbirlər Planı” təsdiq edilib.

AzVision.az

Teqlər: Vergilər-Nazirliyi