"Əhalini özümüzdən küsdürə bilərik" - Vahid Əhmədov

"Əhalini özümüzdən küsdürə bilərik" - Vahid Əhmədov
  15 Sentyabr 2017    Oxunub:2591
“Azərbaycanda insanların banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, keçmiş kreditlərin həcmi azalmaqdansa, daha da artır: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu, müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub”.

Milli Məclisin üzvü qeyd edib ki, banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir: “Bunu necə siləcəklər? Perspektiv varsa, biz də bilək. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Ziyad müəllim, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər ki, bu proses hara gedir? Mən Əli Məsimli ilə dollarla olan kreditlər barədə təkliflər verdim. Amma onlara baxan yoxdur. İnsanlar kreditlərini verə bilmir. Bununla əlaqədar məhkəmələrdə nə qədər iş var. İnsanların maşınların, evlərin, mülklərin əllərindən alırlar, həbs qoyurlar. Biz bu sistemlə əhalini özümüzdən küsdürə bilərik axı”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti