Güzəştli mənzil almaq istəyənlərin diqqətinə!

Güzəştli mənzil almaq istəyənlərin diqqətinə!
  20 Sentyabr 2017    Oxunub:3128
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikintisi davam edən ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib.
MİDA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti MİDA-nın tabeliyindəki “MİDA” MMC-yə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim edib. Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq “Azərbaycan İpoteka Fondu” ASC və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.

Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.

MİDA 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.

AzVision.az


Teqlər: MİDA  





Xəbər lenti