İlham Əliyev: “Azərbaycan sabit ölkədir”

İlham Əliyev: “Azərbaycan sabit ölkədir”
  22 Sentyabr 2017    Oxunub:2585
Bu gün Bakıda Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AzVision.az xəbər verir ki, konfransda 15 ölkədən 65 qurumdan 150 nümayəndə iştirak edir. Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın işə başlanması müraciəti ilə təbrik edirəm.

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə davam edən və irimiqyaslı layihələr icra edən ölkədir. Qlobal və regional səviyyədə mövcud olan çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, həyata keçirilmiş əsaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanılıb. Bu inkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib.

Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ-hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi, maliyyə vəsaitlərinin istifadə olunmasında hesabatlıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iştirakçısı olduğunuz konfransa iqtisadi inkişafın mühüm amili kimi şəffaflığın artırılması və hesabatlığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlığın və auditin gələcək inkişafı kontekstində faydalı olacaq, iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, müstəqil auditin rolunun daha da artırılmasına töhfə verəcək, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaq. Konfransın işinə uğurlar arzu edirəm”.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev isə deyib ki, hal-hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur: “Korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildə bu günə qədər 3 dövlət proqramı qəbul edilib, hal-hazırda da Azərbaycanda 2015-2018-ci illəri əhatə edən “Açıq hökumətin təşviqinə dair” dövlət proqramının strategiyası mövcuddur və bu strategiyanın həyata keçirilməsi ilə məşğuluq. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət ə Sosial İnnovasiyalar üzrə Dövlət Agentlinin ("ASAN xidmət") mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Mən əminliklə deyirəm ki, "ASAN Xidmət"in yaranmasından sonra və bu qurum Azərbaycanın müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən sonra həmin sahələrdə korrupsiya tam yoxa çıxıb və sıfıra enib. Biz bunu gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa bu və ya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq bir müddətdən sonra "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur”

Auditorlar Palatasının sədri Vahid Novruzov isə deyib ki, dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır: “Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır”.

Tədbirdə 40-a yaxın məruzə və 100-dən artıq tezisin müzakirəsi nəzərdə tutulur. Konfrans çərçivəsində Azərbaycan Auditorlar Palatası və Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanacaq. Sentyabrın 23-də yekunlaşacaq tədbirin sonunda konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunacaq.



AzVision.az




Teqlər: İlham-Əliyev   Prezident   Azərbaycan  





Xəbər lenti