"Azərbaycan öhdəliyinə sadiqdir" - OPEC-in baş katibi

  23 Sentyabr 2017    Oxunub : 1159
"Azərbaycan öhdəliyinə sadiqdir" - OPEC-in baş katibi

Azərbaycanın Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliyini maksimum əməl etməsi təqdirəlayiqdir.

Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo sentyabrın 22-də Vyanada keçirilən OPEC+ ölkələrinin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsinin iclasında deyib.

“Sazişə əməletmə səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb və avqust ayında maksimum səviyyəyə çatıb. Buna görə də saziş üzrə öhdəliklərini fəal icra edən OPEC-ə üzv ölkələr - Səudiyyə Ərəbistanı, Anqola və Ekvatorial Qvineyanın nümunəvi davranışları və liderlik göstərmələri, həmçinin kartelə üzv olmayan ölkələrdən Azərbaycan, Bruney və Sudanın öhdəliklərinə sadiqliyi, maksimum əməletmə səviyyəsi göstərmələri və fədakarlıq nümayiş etdirmələrini təqdir edirik”, - deyə Məhəmməd Barkindo bildirib.

OPEC-in baş katibi bəyan edib ki, saziş imzalanan vaxtdan hər bir iştirakçı ölkə tam şəkildə öz öhdəliyini icra etsəydi, bazar artıq balanslaşmış olardı.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

AzVision.az

Teqlər: OPEC   Azərbaycan