Bakıdan Düşənbəyə birbaşa aviareys açıla bilər

Bakıdan Düşənbəyə birbaşa aviareys açıla bilər
  11 Oktyabr 2017    Oxunub:1619
İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.
AzVision.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti, əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ş.Mustafayev diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan-Tacikistan iqtisadi əlaqələrinin inkişafı üçün potensialı vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Tacikistan arasında ticarət, metallurgiya, tranzit, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi, bir sıra sahələrdə birgə müəssisələrin yaradılması üçün geniş imkanlar var.

R.Soliyev isə bu il ölkələrimiz arasında əlaqələrin 25 illiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. O, bildirib ki, Tacikistandan olan turistlər Azərbaycanın Naftalan şəhərinə böyük maraq göstərir.

Görüşdə Gəncə Alüminium Zavodu ilə Tacikistanın Alüminium Zavodu arasında əməkdaşlıq, Bakı və Düşənbə arasında birbaşa aviareyslərin açılması, metallurgiya, tranzit və s. sahələrdə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Tacikistan  





Xəbər lenti