Gəmiçiliyin rəhbər heyəti üçün treninq keçirilib

  12 Oktyabr 2017    Oxunub : 482
Gəmiçiliyin rəhbər heyəti üçün treninq keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “Risklərin idarəedilməsi və daxili nəzarət sahəsində təlimləndirmənin həyata keçirilməsi” mövzusunda təlim təşkil olunub.

AzVision.az xəbər verir ki, təlimdə risklərin vaxtında aşkarlanması, təhlil edilməsi və düzgün qiymətləndirilməsi üçün vacib alətlər haqqında məlumat verilib. Həmçinin, ən çox rast gəlinən risklərdən danışılıb.

Bildirilib ki, risklərin idarə edilməsi sisteminin uğurlu tətbiqi, nəticədə istənilən quruma hədəflərinə nail olmasına imkan verir. Bu baxımdan, risklərin idarə edilməsi sistemi gündəlik fəaliyyətdə xüsusi nəzərə alınmalı və qeyd olunan fəaliyyətə tam inteqrasiya olmalıdır.

Təlimdə o da qeyd olunub ki, risklərin mükəmməl idarə edilməsini təmin edə bilmək üçün öncə şirkət daxilində səmərəli qarşılıqlı əlaqə sistemini təşkil etmək lazımdır.

Treninq interaktiv formada aparılıb. İştirakçıların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də risklərin idarə olunması sisteminin tətbiqinə xüsusi diqqət yetirilir. Bu məsələ Cəmiyyətin Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə hazırlanmış “Yol xəritəsi”ndə də öz əksini tapıb. Gəmiçiliyin rəhbər heyəti üçün nəzərdə tutulan təlim də sözügedən “Yol xəritəsinə” uyğun həyata keçirilir.

AzVision.az

Teqlər: Xəzər-Dəniz-Gəmiçiliyi