“Bərdə” gəmi-bərəsi istismara qaytarılıb

  16 Oktyabr 2017    Oxunub : 919
“Bərdə” gəmi-bərəsi istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən uğurla çıxıb.

Xəzər Dəniz Gəmiçiliyindən AzVision.az-a verilən xəbərə görə, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərənin registrə dair müvafiq sənədləri də artıq hazırdır.

Bərdə” gəmi-bərəsinin yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismarına start verilib. Qeyd edək ki, üzən vasitə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır.

Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 17.0 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.

AzVision.az

Teqlər: gəmi   bərə