56 dövlət əmlakı hərraca çıxarılacaq

  16 Oktyabr 2017    Oxunub : 598
56 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən AzVision.az-a verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə canlı izləmək imkanı da var.

Budəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” ASC-dir. Adıçəkilən əmlakın səhminin 30%-i 135 min manata yaxındır. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 90 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Sumqayıt, Bərdə, Cəlilabad, İmişli, Göygöl, Şəmkir, Masallı və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 715 min manata təklif edilir. Torpaq sahəsi 37 min 602 kvadratmetrə, ümumi faydalı sahəsi isə 11 min 266 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 10 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 1 133 kvadratmetrə, torpaq sahəsi isə 2 716 kvadratmetrə yaxındır.

Bundan başqa, Şəmkir yun tədarükü məntəqəsi də sahibi üçün sənaye sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 4-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 125 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kvadratmetr ilə 600 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Gəncədə yerləşən 206 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 10 min manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 600 manatla 5 min 200 manat arasında dəyişir. 2007-ci il istehsalı olan “BMW-320” markalı avtomobilin ilkin start qiyməti 5 min 200 manatdır.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.

Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

AzVision.az

Teqlər: hərrac