Azexport.az portalına 355 milyonluq sifariş daxil olub

Azexport.az portalına 355 milyonluq sifariş daxil olub
  24 Oktyabr 2017    Oxunub:2324
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr ayı üçün sayı təqdim olunub.
Mərkəzin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, icmalın bu sayında göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olmuş və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25 faiz həcmdə artıb. Cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində bu ölkəyə 366 milyon ABŞ dolları dəyərində ixrac olmuşdur. Növbəti yerləri isə Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) bölüşür.

2017-ci ilin 9 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (128.8 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (81.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə 9 ay ərzində meyvə-tərəvəz ixracı 307 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 87 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 milyon, kimya sənayesi məhsullarının ixracı 58 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində pambıq lifi ixracı 8.5 dəfə, elektrik enerjisi ixracı 2.8 dəfə, çay ixracı 62 faiz, meyvə-tərəvəz ixracı 41 faiz, spirtli və spirtsiz içkilərin ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 22 faiz, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 10 faiz artıb.
Cari ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

Sentyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, qızıl, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, alma, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ağ şəkər, soğan, xiyar və kornişonlar, mis filizləri və konsentratları, gavalı və göyəm, doymamış propen (propilen), şaftalı və s. olmuşdur. Sentyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 23.5 milyon ABŞ dolları təşkil edib.

Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.

AzVision.az


Teqlər: ixrac  





Xəbər lenti