Qazı olmayan ucqar yaşayış məntəqələrinin siyahısı hazırdır

  26 Oktyabr 2017    Oxunub : 549
Qazı olmayan ucqar yaşayış məntəqələrinin siyahısı hazırdır

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə aid Tədbirlər planı çərçivəsində Energetika Nazirliyinin yerinə yetirəcəyi vəzifələr üzrə yaradılmış işçi qrupunun növbəti toplantısı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, iclasda kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 4 strateji hədəfini, 9 prioritet istiqamətini əhatə edən 20 tədbirin, eləcə də ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə bir tədbirlərin əsas icraçısı kimi Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə üçüncü rüb ərzində görülən işlər müzakirə edilib. Məlum olub ki, kommunal xidmətlərin inkişafı üzrə icrası bu ilə planlaşdırılan 8 tədbirin mühüm bir hissəsi artıq yekunlaşmaq üzrədir. Elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi başa çatmaqdadır. “Elektroenergetika haqqında” qanun layihəsi və “ İstilik enerjisindən istifadə qaydaları” hazırlanaraq baxılması üçün Nazirlər Kabinetinə göndərilib.

İclasda “ İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə işçi qrupunun noyabrda yaradılması razılaşdırılıb.

Qeyd edək ki, xəritədə səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması əsas strateji hədəflərdən biridir. Bu hədəf çərçivəsində təbii qazın paylanması ilə bağlı bütün növ itkilərin minumuma endirilməsi məqsədilə dəymiş ziyanın hesablanması Metodikasının hazırlanması tamamlanıb. ”Mövcud şəbəkənin hərtərəfli qiymətləndirilməsi və inkişaf planının hazırlanması” bəndi üzrə işlər yekunlaşdırılaraq, maliyyə vəsaitlərinin ayrılmasının nəzərdən keçirilməsi məqsədilə Sənəd Nazirlər Kabinetinə göndərilib.

Bundan başqa texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin tam siyahısı tərtib olunub. Qazlaşdırmanın alternativ mənbələrlə təminatının həyata keçirilməsi üçün müvafiq qurumlara təqdim edilib.

Qeyd edək ki, Energetika Nazirliyinə sentyabr ayında daha bir yol xəritəsinin - neft və qaz sənayesinin (kimya məhsulları da daxil olmaqla) inkişafına dair strateji yol xəritəsinin icrası da həvalə olunub. Bu xəritə üzrə 12 tədbirdə Energetika Nazirliyi əsas icraçı qismindədir. Bu il bu xəritə üzrə 3 tədbirin yerinə yetirilməsi, 2 tədbirin isə icrasına başlanılması nəzərdə tutulub. Sənəddən irəli gələn vəzifələrin icrası ilə bağlı İşçi Qrupunun yaradılması prosesinə başlanılıb.

AzVision.az

Teqlər: qaz