Növbəti hərrac keçirilib

Növbəti hərrac keçirilib
  31 Oktyabr 2017    Oxunub:2096
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən AzVision.az-a verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Belə ki, özəlləşdirilməyə çıxarılan “Kia Sportage” nəqliyyat vasitəsinə 5 sifariş verilib. Start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib.

Eyni tendensiya “Daewoo Leganza” markalı avtomobilin hərracında da müşahidə edilib. Belə ki, ilkin start qiyməti 1 127 manata olan avtomobil 1 900 manata sahibini tapıb.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Biləsuvar və Ağstafa şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və tikinti sahələrində əlverişli hesab edilir. Belə ki, Biləsuvarda yerləşən ümumi faydalı sahəsi 106,2 kvadratmetr olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Ağstafada yerləşən Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kvadratmetr təşkil edir. Torpaq sahəsi isə 3 170 kvadratmetrdir.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nizami, Nəsimi, Binəqədi rayonlarında yerləşir.

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb. Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 7 noyabr tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün bu linkdən istifadə etmək kifayətdir.

AzVision.az


Teqlər: hərrac  





Xəbər lenti