10-a yaxın dövlət qurumunun DSMF-yə borcu var

  02 Noyabr 2017    Oxunub : 864
10-a yaxın dövlət qurumunun DSMF-yə borcu var

Əvvəlki dövrlərdə olduğu kimi, 01.07.2017-ci il tarixə də iri sığortaedənlər üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun (Fond) debitor borclarının əsas hissəsi - 30,53 mln. manatı və ya 51,6%-i “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə aid olub.

AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib. Qeyd olunub ki, bu təşkilat üzrə Fondun debitor borclarının məbləği ilin əvvəlinə nisbətən 1,78 mln. manat və ya 6,2%, o cümlədən, borcun əsas məbləği 1,58 mln. manat, penya və maliyyə sanksiyaları üzrə borclar 0,21 mln. manat artıb.

01.07.2017-ci il tarixə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Fonda borcu 9,29 mln. manat (7,39 mln. manat borcun əsas məbləği, 1,89 mln. manat penya və maliyyə sanksiyaları, 0,01 mln. manat digər borclar) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 15,7%-i qədər təşkil edib ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 0,35 mln. manat və ya 3,9% çoxdur (o cümlədən, artım borcun əsas məbləği üzrə 0,33 mln. manat və ya 4,7%, penya və maliyyə sanksiyaları üzrə 0,01 mln. manat və ya 0,5% artmışdır).

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin də 2017-ci ilin əvvəlinə nisbətən I yarısınin sonunda Fonda borcu 0,13 mln. manat və ya 2,2% artaraq (o cümlədən, borcun əsas məbləği üzrə 0,13 mln. manat və ya 2,3%) 6,08 mln. manata (5,78 mln. manat borcun əsas məbləği, 0,3 mln. manat penya və maliyyə sanksiyaları) çatmışdır ki, bu da Fondun iri sığortaedənlər üzrə debitor borclarının 10,3%-i qədərdir.

Azərbaycan Dövlət Neft Şirkətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də Fonda borcları 2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə artıb, artım Azərbaycan Dövlət Neft Şirkəti üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 mln. manat və ya 13,9%), “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) təşkil etmişdir. 01.07.2017-ci il tarixə bu təşkilatların Fonda borcunun məbləği, müvafiq olaraq 1,33 mln. manat və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,2%-i qədər, 3,03 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,52 mln. manat, penya və maliyyə sanksiyaları 0,51 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 5,1%-i qədər və 2,11 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,09 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 3,6%-i qədər olub.

2017-ci ilin əvvəlinə “Azərkimya” İstehsalat Birliyi və “Azəriqaz” İstehsalat Birliyinin Fonda borcu olmasa da 01.07.2017-ci il tarixə borcun əsas məbləği olmaqla “Azərkimya” İstehsalat Birliyinin Fonda 0,01 mln. manat, “Azəriqaz” İstehsalat Birliyinin isə 1,45 mln. manat (Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,5%-i qədər) borcu yaranıb.

01.07.2017-ci il tarixə dövlət mülkiyyətində olan digər təşkilatların da Fonda borcu yaranıb, borc məbləği 4,98 mln. manat (o cümlədən, borcun əsas məbləği 4,42 mln. manat, penya və maliyyə sanksiyaları 0,56 mln. manat) təşkil edib ki, bu da Fondun sığortaedənlər üzrə cəmi debitor borclarının 1,4%-i qədərdir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: DSMF   ƏƏSMN   Hesablama-Palatası