“Kütləvi çıxarış” kampaniyası Şəmkirdə

“Kütləvi çıxarış” kampaniyası Şəmkirdə
  03 Noyabr 2017    Oxunub:1692
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət dairəsini və coğrafiyasını daha da genişləndirən “Kütləvi çıxarış” kampaniyası bu gün Şəmkir rayonunun sakinlərinə xidmət göstərib.
Komitədən AzVision.az-a verilən məlumata görə, kampaniya rayonun bir neçə kəndini əhatə edib. Sosial tədbir nəticəsində 50-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Kampaniya zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Qeyd edilməlidir ki, Kampaniya çərçivəsində ilkin sənədlər komitə əməkdaşları tərəfindən çıxarışlar verilməmişdən öncə sakinlərdən bilavasitə ünvanlarda toplanıb.

Bununla yanaşı, bəzi sakinlərdən gələcəkdə əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib. Eyni zamanda, kampaniya çərçivəsində sakinlərin müraciətlərinə əsasən daşınmaz əmlakın qeydiyyatı prosesində tələb olunan texniki məsələlərin həlli, daşınmaz əmlakın müayinəsi, mühəndislik işlərinin aparılması, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin yerinə yetirilməsi həyata keçirilib. Bununla da vətəndaşın xidmətə deyil xidmətin vətəndaşa çatdırılması prinsipi tam təmin olunub. Yəni, kampaniya qeydiyyat prosedurlarından irəli gələn məsələləri vətəndaşların ünvanlarında həll etmək imkanı yaradıb.

“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların təqdim olunmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan sakinlərə də birbaşa yerlərdə hüquqi xidmət göstərilib. Sakinlərə çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Həmin sənədlərin hansı qurumdan alınması ilə bağlı məlumatı az olan vətəndaşların suallarını komitənin əməkdaşları cavablandırıb. Bundan başqa, bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib.

Həmçinin, kampaniya çərçivəsində Komitənin əməkdaşları daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı sahəsində tətbiq edilən "bir pəncərə" prinspindən də bəhs ediblər. Bildirilib ki, həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur. Eyni zamanda, torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi, iqtisadi və keyfiyyət göstəricilərinin qiymətləndirməsi, bontirovkası, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir. “Bir pəncərə” prinsipi sayəsində bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin biçin yerlərində də keçirir. Belə xidmətlər əhalinin birbaşa iş yerlərində də göstərilir. Kampaniya müəssisələrdə keçirilməklə çoxlu sayda işçiləri və böyük kollektivi əhatə edir. Eyni zamanda, bu sosial tədbir paytaxtda hündürmərtəbəli binalarda da keçirilir. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, iş rejiminin pozulmamasına, əlavə ünvanlara getməməsinə imkan verir.

Böyük əhali kütləsinin marağına səbəb olan kampaniya özünün sosial-iqtisadi faydalarını göstərməkdədir. Belə ki, kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini intensivləşdirib. Torpaq sahiblərinin, fermerlərin, kənd təsərrüfatı ilə məşğul olanların daşınmaz əmlakdan daha səmərəli istifadə etməsinə müsbət təsir edib. İpoteka, girov və daşınmaz əmlakla bağlı digər iqtisadi əməliyyatların artmasına səbəb olub. Kampaniyanın digər sosial faydası odur ki, vətəndaşlar çıxarış almaq üçün əlavə vaxt sərf etmir. Əhatə dairəsinin genişləndirən “Kütləvi çıxarış” kampaniyası vətəndaş məmnunluğunun artmasına imkan verib.

Ümumilikdə 60-a yaxın “Kütləvi çıxarış” kampaniyası keçirilib. Cari il ərzində isə bu rəqəm 18-dir. “Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində Komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Ümumilikdə mobil ofislər vasitəsilə 220 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Cari il ərzində isə bu rəqəm 60 mindən çoxdur. Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

AzVision.az


Teqlər: Kütləvi-çıxarış  





Xəbər lenti