İpoteka ilə ev almaq istəyənlərə şad xəbər

İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
  06 Noyabr 2017    Oxunub:8896
“Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb. Bunun əsas səbəbi son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasıdır”.

AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspert deyib ki, bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərməkdədir:

“Mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərinə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu. Güman olunur ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər. 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödənişinin məbləğinin 97 manat, 6 faizədək enməsi isə 191 manat azalmasına səbəb olacaq. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, faiz 6 faizə düşəcəyi halda isə 480 manat olur”.

V.Bayramov qeyd edib ki, adi ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salınması imkanları var.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: İpoteka   Kredit  





Xəbər lenti