Daha 111 dövlət əmlakı hərraca çıxarılır

Daha 111 dövlət əmlakı hərraca çıxarılır
  06 Noyabr 2017    Oxunub:1318
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitədən AzVision.az-a verilən məlumata görə, onlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 126 min manata yaxındır.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Qazax, Mingəçevir, Yevlax, Cəlilabad, Siyəzən, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 756 kv.m arasında dəyişir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Qazax, Şirvan və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qazax şəhərində yerləşən "Elviz" kiçik dövlət müəssisəsi, Şəmkirdə olan “Çörək mağazası”, Şirvanda yerləşən 27 saylı mağaza kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 240 kv.m-ə, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır. Bundan başqa Yevlaxda yerləşən 7 saylı yeməkxana sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə çıxaırlan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 58-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 1 kv.m ilə 240 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

AzVision.az




Teqlər: komitə   hərrac  





Xəbər lenti