Növbəti hərrac keçirilib

Növbəti hərrac keçirilib
  07 Noyabr 2017    Oxunub:1402
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
AzVision.az Komitəyə istinadən xəbər verir ki, hərracda 1-i səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si nəqliyyat vasitəsi, 1-i isə özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi olmaqla 21 dövlət əmlakı özəlləşdirilib. Bu əmlaklardan səhmdar cəmiyyəti, 11 istifadəsiz qeyri yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi Bakıda, 5 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi isə respublikanın digər şəhər və rayonlarında yerləşir.

İnvestorlara hərraca internet vasitəsilə şəkildə qatılmaq imkanının yaradılması nəticəsini verib. Hərracın qaliblərindən biri onlayn rejimdə buraxılış ili 1997-ci il olan “Tofaş Şahin” markalı minik avtomobilinə sahib olub. Budəfəki hərrac da rəqabətli keçib. Paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Əmlakın ilkin start qiyməti 9 min manat olsa da, sonda 12 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 33 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.

Digər hərraclardan fərqli olaraq budəfəki hərracda ilk dəfə özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi sahibini tapıb. Bu “Boradigah Çay-2” ASC-nin yerləşdiyi torpaq sahəsidir. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Sumqayıt şəhərində, Ucar, Ağsu, Saatlı, Qazax rayonlarında yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, tikinti, sənaye sahəsinə aid olub. Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Ucar rayonunda yerləşən “Dostluq” kinoteatrını qeyd etmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 700 kv.m-ə yaxın, torpaq sahəsi isə 870 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Bundan başqa, prosesdə özəlləşdirilən 21 saylı Təmir Tikinti Sahəsi də inşaat sektorunda sahibi üçün qazanclı obyekt hesab olunur Saatlıda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 57,1 kv.m, torpaq sahəsi isə 216,3 kv.m təşkil edir.
Özəlləşən obyektlər sırasında “Aygün” tikiş atelyesi də xidmət sahəsində gəlirli əmlaklardandır. Sumqayıtda yerləşən bu əmlakın ümumi faydalı sahəsi 160,4 kv.m-dir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edək ki, paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 7-i Nərimanovda, 2-si Yasamalda, qalanları isə müvafiq olaraq Suraxanı və Nəsimi rayonlarında yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Şamaxı şəhərində yerləşir. Özəlləşdirilən belə əmlakların sahəsi 22 - 74 kv.m arasında dəyişir.

Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri Sumqayıt şəhərində yerləşən sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsidir. Prosesdə 2 nəqliyyat vasitəsi də özəlləşdirilib ki, həmin avtomobillərin də markaları fərqlidir. Buraxılış illəri isə müvafiq olaraq 1986 və 1997-ci illərdir. Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Budəfəki hərracda “Sabirabad Mexanikləşdirmə” ASC-nin səhmlərinin 30% -i özəlləşdirilib. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 14 noyabr tarixində keçiriləcək.

AzVision.az


Teqlər: hərrac  





Xəbər lenti