Ölkə üzrə 68816 aktiv POS-terminal var

  08 Noyabr 2017    Oxunub : 470
Ölkə üzrə 68816 aktiv POS-terminal var

“2010-cu ilin sonunda Azərbaycanda fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə, 2016-cı ilin dekabr ayında bu rəqəm 10 dəfədən çox artaraq 70.913 ədəd təşkil edib”.

AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini Ömər Cəfərov deyib. Onun sözlərinə görə, dövriyyədə olan kartların sayı da əhəmiyyətli dərəcədə artaraq 5,3 milyonu ötüb.

“Yəni indi ölkəmizdə kart bazarında geniş rəqabət üçün hər cür şərait vardır. Hal-hazırda respublika üzrə 68 816 aktiv POS-terminal vardır. Bunlardan 41 141-i Bakı şəhərinin, 27 675-i regionların payına düşür. Hazırda banklar tərəfindən POS-terminalların infrastrukturunda da müvafiq texniki işlər aparılır və təmassız kartların qəbulu üçün yeni imkanlar yaradılır. Bir neçə bank POS-terminallarla bağlı xüsusi korporativ kartların emissiyasına start verib. Bu, ticarət obyektinin sahibinin öz bankına müraciət etmək ehtiyacını aradan qaldırır, ona POS-terminal vasitəsilə aparılmış bütün əməliyyatlar üzrə vəsaiti birbaşa öz kartından əldə etməyə imkan yaradır, ticarət obyektinin işini daha da asanlaşdırır”.

O, qeyd edib ki, POS-terminallardan istifadə edən ticarət obyektinin dövriyyəsi 25-30% artır. Nağdsız ödənişlər ticarət obyektləri ilə yanaşı, kart istifadəçiləri üçün də sərfəlidir: “Çünki onlar nağd vəsaiti özləri ilə gəzdirmirlər və nəticədə pulun itirilməsi riski aradan qalxmış olur. Kart itirildikdə isə müvafiq banka müraciət etməklə kart bloklaşdırılır və hesabda olan vəsait toxunulmaz qalır”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Vergilər-Nazirliyi