Sahibkarlar üçün bank vergisi ləğv edilməyəcək

  08 Noyabr 2017    Oxunub : 358
Sahibkarlar üçün bank vergisi ləğv edilməyəcək

Azərbaycanda sahibkarlar üçün pulun nağdlaşdırılmasına görə 1 faizlik bank vergisi ləğv edilməyəcək.

Vergilər Nazirliyinin Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorunun müavini Ömər Cəfərov deyib ki, bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən ƏDV qeydiyyatında olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin ödəyicisi olan şəxslərə aid edilir:

“Fikrimcə, bu, bütün tərəflər üçün ən məqbul mexanizmdir. Bu sahədə bir əsas məqama da diqqət yetirmək lazımdır ki, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik ən çox vergilərin yığılmasına deyil, ölkədə daimi hərəkətdə olan pul vəsaitlərinin uçotunu aparmağa, hesablaşmalar üzrə şəffaflığı artırmağa və zaman keçdikcə nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsinə, bununla da ölkədə bank sisteminin inkişafına səbəb olacaqdır. Vergi orqanları tərəfindən həyata keçirilmiş inzibati tədbirlər nəticəsində 571 ödəyici tərəfindən 117,3 milyon manat vəsait banka bərpa edilmiş, 467 vergi ödəyicisinə 17,9 milyon manat vergi hesablanmış, 795 vergi ödəyicisi barədə isə tədbirlər davam etdirilir”.

O, qeyd edib ki, nağdsız əməliyyatların dövriyyəsinin artırılması dövlətin qarşıya qoyduğu əsas hədəflərdəndir və qarşıdakı illərdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Vergilər-Nazirliyi   bank