“Erməni deputatların Bakıya gəlməsi ilk dəfə deyil”

  11 Noyabr 2017    Oxunub : 682
“Erməni deputatların Bakıya gəlməsi ilk dəfə deyil”

2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək. İclasda Ermənistandan olan nümayəndə heyəti də iştirak edəcək.

İclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev AzVision.az-a bildirib ki, digər ölkələrin nümayəndələri kimi erməni deputatlar da AŞPA-nın keçirdiyi iclaslarda iştirak edə bilərlər.

Millət vəkili, həmçinin erməni deputatların Bakıya gəlib-gəlməyəcəyi haqda dəqiq məlumata malik olmadığını deyib. Bildirib ki, Ermənistan təmsilçiləri bir neçə dəfə Azərbaycanda təşkil olunan tədbirlərdə iştirak ediblər.

“Onlar qrup çərçivəsində Azərbaycana gəlir və iclasda iştirak edirlər. Belə hallar olur. Bu, ilk deyil”.

R.Rzayev vurğulayıb ki, dünyanın hər bir yerində keçirilən tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda ermənilərin layiqli cavabı verilir: “Bütün beynəlxlaq tədbirlərdə və qurumlarda Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Düşmənin işğalçı siyatəsi pislənilir”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Rövşən-Rzayev   Deputat   Milli-Məclis