Qiymətli kağızlar bazarı 9,2 milyarddır

Qiymətli kağızlar bazarı 9,2 milyarddır
  14 Noyabr 2017    Oxunub:6475
2017-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar bazarı 9,2 milyard manat təşkil edib. Əməliyyatların sayında, həm də ayrı-ayrı bazar seqmentlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, 2017-ci ilin 9 ayı ərzində korporativ qiymətli kağızların təkrar bazarı 3 dəfə artaraq 1,1 milyard manatı ötüb, dövlət qiymətli kağızlar bazarı 8 dəfə artaraq 3 milyard manat, törəmə maliyyə alətləri bazarı isə 15 faiz artaraq 3,7 milyard manat olub.

Korporativ qiymətli kağızlar

Hesabat dövrü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 58 faiz (və ya 404 milyon manat) artaraq 1,1 milyard manat təşkil etməsinə səbəb olub. Ümumilikdə, səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1 milyard manatı üstələyib.

Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz azalaraq 1,3 milyard manat olub. Digər tərəfdən hesabat dövründə xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 5 dəfə artaraq 109,4 milyon manata çatıb. Eyni zamanda, korporativ istiqrazların həm milli, həm də xarici valyutada təkrar bazarında əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə manatla təkrar bazarın həcmi 14,6 dəfə artaraq 753 milyon manat, xarici valyutada isə 22 dəfə artaraq 284 milyon manat təşkil edib.

Dövlət qiymətli kağızları

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə manat kütləsinin sterilizasiyası not buraxılışı vasitəsilə həyata keçirilib. Məhz not buraxılışı dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyənləşdirib.

Cari ilin 9 ayında dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 8 dəfə artaraq 3 milyard manatı üstələyib, bunun da 83 faizini (və ya 2,5 milyard manat) Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Mərkəzi Bankın notları nəzərə alınmadan da dövlət qiymətli kağızlar bazarında müsbət dinamika müşahidə olunub (bu seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz və ya 126,3 milyon manat artıb). Notların ilkin bazarında bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 10,91 faiz təşkil edib.

Hesabat dövründə qısa və ortamüddətli dövlət istiqrazları ilə 506,4 milyon manat məbləğində əqd bağlanıb. Qısamüddətli dövlət istiqrazlarının ilkin bazarında (472,7 milyon manat) bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 13,67 faiz olub. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 33,7 milyon manat olub.

Törəmə maliyyə alətləri bazarı


Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 3,4 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 307,4 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 3,7 milyard manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb.

Repo və əks-repo əməliyyatları

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olub. Bunun 85 faizini (9,9 milyon manat) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil edib. Korporativ istiqrazlarla 1,7 milyon manat məbləğində 2 repo əməliyyatı aparılıb.

Qiymətli kağızların dövlət qeydiyyatı

2017-ci ilin yanvar-sentyabr aylarında 7,2 milyard manat və 3,1 milyard ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib. Həmçinin 349 min avro məbləğində korporativ istiqrazlarım buraxılışı dövlət qeydiyyatına alınıb.

Səhmlər üzrə: 2017-cı ilin ilk 9 ayı ərzində ümumi məbləği 2,3 milyard manat olan 40 səhm dövlət qeydiyyatına alınıb. Bunlardan 1,2 milyard manatı kredit təşkilatları, 54,7 milyon manatı sığorta şirkətləri, 963 milyon manatı isə digər təşkilatlara məxsusdur.

Korporativ istiqrazlar üzrə: Hesabat dövründə 205 milyon manat və 1051,4 milyon ABŞ dolları məbləğində 35 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb. Cari ilin mart ayında uzun fasilədən sonra ilk dəfə avro ilə 349 min avro məbləğində 1 korporativ istiqrazın (sonuncu dəfə 2011-ci ildə) dövlət qeydiyyatı həyata keçirilib. Dövr ərzində kredit təşkilatlarına məxsus ümumilikdə 3,7 milyon manat və 1002,2 milyon ABŞ dolları məbləğlərində 20 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.

Dövlət qiymətli kağızları üzrə: 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3,9 milyard manat məbləğində dövlət qiymətli kağızları qeydiyyata alınıb. Dövr ərzində Maliyyə Nazirliyinin ümumi məbləği 700 milyon manat olan dövlət istiqrazları və Mərkəzi Bankın ümumi məbləği 3,2 milyard manat olan notları dövlət qeydiyyatına alınıb.

Veksel üzrə: Hesabat dövründə 3 milyard ABŞ dolları və 800 milyon manat məbləğində ümumilikdə 9 veksel buraxılışı dövlət qeydiyyatına alınıb. Kapital bazarları üzrə 2017-ci ilin ilk yarısına dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.


Teqlər: qiymətli-kağız  





Xəbər lenti