Azərbaycan Çində Şərab evi açır

  14 Noyabr 2017    Oxunub : 638
Azərbaycan Çində Şərab evi açır

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Çinin Şnxay şəhərinə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 15 noyabr tarixinədək davam edəcək ixrac missiyası çərçivəsində artıq bir sıra uğurlu nəticələr əldə edilib.

Səfərin ilk günü - noyabrın 13-də Azərbaycanın ixrac missiyası Çinin ilk və ən böyük ticarət zonası olan “Shanghai Waigaoqiao Free Trade Zone”da yerləşən Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (ITOC) olub və burada görüş keçirib. Mərkəzin giriş qapısındakı elektron tabloda “Şanxay Azərbaycan şərablarını salamlayır” sözlərinin qeyd edilməsi Çinin Azərbaycan məhsullarına olan böyük marağından xəbər verirdi. Qeyd edək ki, bu mərkəz azad ticarət zonasında yerləşən 300 min kvadrat metr sahədə olan anbarları icarəyə verərək, 10 mindən çox şirkətə yüksək səviyyədə logistika və satış xidmətləri göstərir. Mərkəzin idxal-ixrac həcmi 10 milyardlarla ABŞ dolları olaraq qiymətləndirilir.

Azərbaycanın Çindəki səfirliyinin dəstəyi, AZPROMO və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyi tərəfindən birgə təşkil olunmuş görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, ixrac missiyamızda təmsil olunan şirkətin təmsilçisi Elmar Səidov isə Azərbaycan şərabları barədə məlumat veriblər. ITOC-un baş direktoru He Guoguang mərkəzin fəaliyyəti, Şanxay Pudonq Spirtli İçkilər Assosiasiyasının rəhbəri Baohua Huang isə 117 idxalçı şirkətin üzv olduğu Assosiasiyanın fəaliyyətinə dair məlumat verib. Baohua Huang bildirib ki, Azərbaycan şərablarının idxalı Assosiasiyaya üzv şirkətlərin diqqətinə çatdırılacaq və bu sahədə əməkdaşlıq həyata keçiriləcək.

Görüş çərçivəsində AZPROMO və ITOC arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, AZPROMO İTOC-dan anbar və yerli məhsullarımızın nümayiş olunması üçün müvafiq yer icarəyə götürəcək. Azərbaycan Şərab Evi adlanacaq həmin sahə və burada Azərbaycan iş adamları üçün yaradılacaq əlverişli şərait sahibkarlarımıza yerli məhsulları yüksək səviyyədə təqdim etməyə imkan verəcək.

ITOC həmçinin, “Direct İmported Goods” (“DİG”) adlı marketlər şəbəkəsinə sahibdir. Bu marketlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız idxal olunmuş xarici məhsullar yüksək qiymətə satılır. Növbəti mərhələdə Azərbaycan məhsullarının “DİG” marketlər şəbəkəsində satılması da nəzərdə tutulur.

Görüş zamanı ITOC nümayəndələri Azərbaycan iş adamlarına öz məhsullarını azad ticarət zonasına gələn qonaqlara nümayiş etdirmək üçün lazımi şərait yaradıb. Azərbaycan məhsulları ITOC ziyarətçıləri tərəfindən maraqla qarşılanıb. Bu marağı və diqqəti nəzərə alan ITOC Azərbaycan məhsullarının bir hissəsini satın alıb.

Görüş çərçivəsində həmçinin, Azərbaycanın şərab istehsalçıları və ixracatçıları bir sıra ikitərəfli görüşlər keçirib, ITOC-un anbarlarında və “DİG” marketlər şəbəkəsi, həmçinin 16 ölkənin birgə yaratdığı pavilyonla tanış olub, Azərbaycan Şərab Evi konsepsiyasına dair fikir mübadiləsi aparıblar.

Azərbaycan ixrac missiyasının Şanxaya səfəri Çin mediası tərəfindən geniş işıqlandırılıb, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev və ölkəmizin Çindəki Ticarət Nümayəndəsi Teymur Nadiroğlu yerli kanallara müsahibələr veriblər. Müsahibələrdə Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı Fərmanın icrası istiqamətində görülən işlər Çin mediasının diqqətinə çatdırılıb.

Bu gün isə Azərbaycanın ixrac missiyası “ProWeine China 2017” Sərgisini ziyarət edəcək, yerli istehsalçılar və sərgidə iştirak edən digər xarici ölkələrin nümayəndələri ilə görüşlər keçirəcək, Şanxayın bir sıra marketlərində olacaqlar.

AzVision.az

Teqlər: Azərbaycan   Çin