Bir ayda Komitəyə 900-ə yaxın müraciət daxil olub

Bir ayda Komitəyə 900-ə yaxın müraciət daxil olub
  15 Noyabr 2017    Oxunub:1468
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların müraciətlərinə həssaslıqla baxılması, göstərilən ictimai xidmətlərdə operativlik və şəffaflığın artırılması istiqamətində işləri təkmilləşdirməkdə davam edir. Komitə xidmətlərdə vətəndaş məmnunluğunun artırılması, fəaliyyət istiqamətləri üzrə yaranan sualların tez bir zamanda cavablandırılması kimi məsələlərə xüsusi diqqətlə yanaşır.
Komitədən AzVision.az-a verilən xəbərə görə, bu məqsədlə Komitənin 193 vahid çağrı mərkəzi fəaliyyət göstərir. Eyni zamanda əhalinin müraciətlərinin operativ cavablanıdırılması üçün Komitənin facebook (https://www.facebook.com/emlakkomitesi/) və instagramda (https://www.instagram.com/emlakkomitesi/) rəsmi səhifələri mövcuddur. Bununla yanaşı emdk.gov.az veb saytının onlayn müraciət və “Privatization.az” portalının onlayn məsləhət pəncərəsi də vətəndaşların xidmətindədir.

Ümumilikdə oktyabr ayı ərzində qeyd edilən vasitələr üzərindən 900-ə yaxın müraciət daxil olub. Onların 750-dən çoxu 193 vahid çağrı mərkəzinin, 130-a yaxını sosial şəbəkələrin, qalanı isə “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Cəmi müraciətlərin 700-ə yaxını Bakının, 180-dan çoxu isə regionların payına düşür. Vətəndaş müraciətlərinin çevik cavablandırılmasının, operativ araşdırılmasının və bu işlərin daha rasional aparılmasının təmin edilməsi Komitənin əsas məqsədlərindəndir. Statistikaya görə oktyabr ayı ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 684-ü (91%) sorğu tiplidir.

Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 78%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür. Şəhər və rayonlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir. Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər üstünlük təşkil edir.

Məcmu sorğuların mövzuları üzrə strukturunun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 18%-i özəlləşdirilmə ilə, 8%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir. Özəlləşdirilmə ilə bağlı sorğuların ilk beşlikdə qərarlaşması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub.

Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlər də yer alıb. Həmin məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, araşdırma aparılıb, sorğular qanunvericilik çərçivəsində həll edilib. Daxil olan müraciətlər zamanı daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir.

Eyni zamanda dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur. Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir. Komitənin səlahiyyətlərinə aid olan suallar daxil olduqda çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə Komitəyə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə araşdırma tələb edən məsələlər daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyatı struktur vahidinə göndərilir. Həmin struktur, məsələni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir.

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir. Ən son texnologiyalar əsasında hazırlanan vahid çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Vahid çağrı mərkəzinin fiziki və texniki imkanları yüksəkdir. Belə ki, gənc və ixtisaslı kadrlar işə cəlb edilib. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır.

Bundan başqa Komitə hərraclara olan marağın daha da artırılması, özəlləşdirilmə prosesinin sürətləndirilməsi üçün vətəndaşların maarifləndirilməsi üzrə tədbirlər görür. Bu sahədə də onların suallarının operativ cavablandırılması üçün Privatization.az portalının onlayn məsləhət pəncərəsi fəaliyyət göstərir.

AzVision.az



Teqlər: Əmlak-Məsələləri-Dövlət-Komitəsi  





Xəbər lenti