Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün sərgi

Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün sərgi
  15 Noyabr 2017    Oxunub:2309
“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində görülmüş işlər nümayiş etdirilir.
ETSN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sərgidə nazirlik tərəfindən ölkədə yaşıllıq ərazilərinin miqyasının artırılması, meşə ilə örtülü sahələrin genişləndirilməsi, xüsusilə son ildə geniş miqyasda aparılan aqromeşə massivlərinin salınması, müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, ekoturizmin inkişafı və milli parklarda nümunəvi xidmət infrastrukturunun yaradılması, su ehtiyatlarının idarə olunması, müşahidə və monitorinq sisteminin modernləşdirilməsi, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə həyata keçirilmiş tədbirləri əks etdirən stendlər ziyarətçilər tərəfindən maraqla qarşılanır.

ETSN sərgidə aşağıdakı stendləri nümayiş etdirir:
Meşə ilə örtülü ərazilərin artırılması;
Aqromeşə massivləri;
Əkin materiallarının yetişdirilməsi;
Bioloji müxtəlifliyin mühafizəsi;
Ekoturizmin inkişafı;
Yaşıllaşdırma layihələri;
Xəzər dənizi hövzəsinə buraxılmış qiymətli balıq növləri;
Ekoloji monitorinq sistemi;
Geoloji kəşfiyyat xidməti;
Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi;
Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması;
Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi;
Geodeziya və kartoqrafiya;
Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilməsi.

Eyni zamanda sərgi salonunda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş fəaliyyətləri əks etdirən fotoslaydlar, videoçarxlar, həmçinin ölkənin müxtəlif ərazilərində, xüsusilə yüksək dağlıq ərazilərdə fəaliyyət göstərən müşahidə sistemlərinin onlayn görüntüləri yayımlanır.

Ekoloji problemlərin həllində mühüm əhəmiyyət kəsb edən və maariflənmə missiyasını yerinə yetirən “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 16 noyabr 2017-ci il tarixinədək davam edəcək.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti